ABŞ-da peyvənd olmadığı üçün ordudan qovulan hərbçilər eyni rütbə ilə vəzifələrinə qayıda biləcəklər

ABŞ Müdafiə Nazirliyi COVID-19 peyvəndi olmadığı üçün ordudan qovulan şəxsi heyətin eyni rütbə ilə vəzifəyə qayıtması üçün yol açacaq.
ABŞ Müdafiə Nazirliyi COVID-19 peyvəndini almaqdan imtina etdiyi üçün ordudan tərxis olunan və ya könüllü olaraq ayrılan şəxsi heyətlə bağlı açıqlama yayıb.
Bəyanatda sözügedən şəxsi heyətin orduya eyni rütbə ilə qayıtması üçün yolun açıldığı və bu şəxslərlə birbaşa əlaqə qurulacağı qeyd edilib.
Bəyanatda bildirilib ki, orduya qayıdan kadrların (istər könüllü olaraq ordudan ayrılıb, istərsə də tərxis olunublar) 2 il xidmət keçmələri tələb olunur.
Ordu 2023-cü ildə sözügedən şəxsi heyətə eyni çağırış edib, ancaq yalnız 113 nəfərin xidmətə qayıtdığı bildirilib.
Digər tərəfdən, eyni rütbə ilə vəzifəyə qayıtmaq imkanı təqdim edən yeni təklifin bu rəqəmi artırıb-artırmayacağı bilinmir.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi 2021-ci ilin iyul ayında bütün işçilər üçün peyvənd tələbi tətbiq etmişdi və peyvənd olunmayanların COVID-19 testindən keçməsini tələb etmişdi. Pandemiya zamanı ABŞ ordusunda bir çox əsgər peyvənd olunmaqdan imtina etmişdi və təxminən 8000 adam xidmətdən qovulmuşdu. Daha sonra 2023-cü ilin yanvarında peyvənd tələbi ləğv edildi.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp yanvarın 29-da qeyd edib ki, onlar COVID-19 peyvəndini qəbul etməkdən imtina etdikləri üçün tərxis olunan hərbi qulluqçulara xidmətə qayıtmaq üçün icazə verəcək addımı atıblar.