Azərbaycanda səfərdə olan “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” SC-nin nümayəndə heyəti ASCO-da olub




Fevralın 27-də Azərbaycanda səfərdə olan “Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Sauat Muxametbayeviç Mınbayevin başçılıq etdiyi nümayəndə heyəti ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) görüş keçirilib.



Görüşdə Xəzər dənizi və Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyət Marşrutunun perspektivlərindən söz açılıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qazaxıstanlı qonaqlara ASCO-nun fəaliyyəti haqqında ətraflı məlumat verib.

ASCO-nun sədri vurğulayıb ki, bu gün ölkə başçısı İlham Əliyevin gerçəkləşdirdiyi ardıcıl siyasət nəticəsində Azərbaycan vacib nəqliyyat qovşağına çevrilib.

Donanmalarının daim yenilənməsinə diqqət çəkən ASCO-nun sədri Rauf Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər dənizi üzərindən artan yük həcminin qarşılanması üçün bu strategiyanı bundan sonra da davam etdirəcək.

“Qazaxıstan Dəmir Yolları Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Sauat Muxametbayeviç Mınbayev də öz növbəsində ASCO-nun xüsusi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda strateji rolunu vurğulayıb. Yeni təyin olduğu vəzifədə ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində olduğunu və gələcəkdə də qardaş və dost ölkələrin bu iki qurumu arasında əməkdaşlığın artan xətt üzrə davam edəcəyinə inamını bildirib.

Tərəflər yükdaşıma, logistika və ikitərəfli əməkdaşlığın işçi qrupu formatında davam etdirilməsinə razılıqlarını ifadə ediblər.

Sonda qonaqlara Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu