Qənirə Paşayeva İstanbulda "Türk dünyasında qadın" adlı konfransda çıxış edib- VİDEO
Millət vəkili Qənirə Paşayeva İstanbulda "Bultürk" dərnəyinin dəstəyilə keçirilən "Türk dünyasında qadın" adlı konfransda geniş məruzə ilə çıxış edib.
AFN xəbər verir ki, türk dünyasının müxtəlif ölkələrindən gələn fəal qadınların iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva bildirib ki, təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyəti bütün sahələrində o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Ölkəmizin 1-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib. Q.Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir.
Q. Paşayeva çıxışı zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm
aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk qadını Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb.
Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Çıxışının sonundan millət vəkili Q.Paşayeva tədbir iştirakçılarını ölkəmizə dəvət edib və Azərbaycanı yaxından tanımaqdan məmnun olacaqsınız deyib. Millət vəkili Q.Paşayeva tədbirdə iştirak edən QHT rəhbərləri ilə görüşüb, KİV-lərə geniş müsahibələr verib.
Millət vəkili Q.Paşayevanın konfransda çıxışı videosunun linkini burdan izləyə bilərsiniz: