ONA-nın elektron poçt ünvanı kiber cinayətkarların hücumuna məruz qalıb
Bu gün ONA Xəbər Agentliyinin elektron poçt ünvanı kiber cinayətkarların hücumuna məruz qalıb.
AFN xəbər verir ki, belə bir açıqlama ilə agentliyin rəhbəri Vüsalə Mahirqızı çıxış edib. Onun sözlərinə görə, İA-nın info@ona.az elektron ünvanından kiber cinayətkarlar tərəfindən bəzi e-maillərə təxribat xarakterli məlumat göndərilib: "Dezinformasiya xarakterli məlumata video formatlı virus yerləşdirilib və bəzi media qurumlarına, jurnalistlərə, təşkilatlara göndərilib. E-maildə bir "informasiya" əksini tapıb və digər media qurumlarından və jurnalistlərdən xəbərin yayılması xahiş olunub. Əlbəttə, hər kəs bilir ki, heç bir media qurumu əldə etdiyi xəbəri başqalarına paylaşmaq üçün göndərmir, informasiya istehsalı ilə özü məşğul olur. Kiber cinayətkarların ünvanladıqları e-maillər toplusu da bizim şirkətin bankında yoxdur. Yalnız bu məktublar ünvanlanmış şəxslər əməkdaşlarımızla əlaqə saxlandıqdan sonra cinayətkarların əməllərindən xəbər tutmuşuq.
Elektron poçt ünvanımıza müdaxilənin hansı şəraitdə və kimlər tərəfindən edildiyi bizə məlum deyil. Lakin bəzi şübhələrimiz də var.
ONA Xəbər Agentliyi bu kiber hücumla bağlı artıq xüsusi xidmət orqanlarına müraciət edib. Bir daha bildiririk ki, ONA Agentliyi bu hadisəni işgüzar fəaliyyətinə, həmçinin ölkənin informasiya təhlükəsizliyinə qarşı təxribat hesab edir və araşdırılması üçün xüsusi xidmət orqanları ilə məlumat əməkdaşlığına hazırdır".