I qrup əlillərin pensiyası gecikir, ƏƏSMN "araşdırarıq" deyir- ŞİKAYƏT+FOTO
1-ci qrup əlillərin pensiyası gecikdirilir. Bu barədə AFN-ə şikayət edən Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi döngə 5, ev 9, mənzil 10-da yaşayan 1-ci qrup əlil Cəbrayılov Orxan Abbas oğlu bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı Cəbrayılova Sücayət Azay qızı da 1-ci qrup əlildir və onun da aprel ayına olan pensiyası hələ köməyib: “Axırıncı dəfə aprel ayının 22-də pensiya almışıq. Ondan bu yana pensiyamız köçməyib. Ümumiyyətlə son bir neçə ayda pensiyamız həmişə gecikib. Əvvəllər ayın maksimum 15-dək alırdıq, martda bayramdan sonra, ayın 22-də köçürdülər, apreldə də 22-də, mayda ümumiyyətlə vermədilər. Artım var deyildi, düşündük ki, yəqin artımla bağlıdır, gözlədik, may da çıxdı, artıq iyun ayıdır, hələ də pensiyamızı almamışıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xəttinə zəng etdim, dedilər ki, heç bir məlumatları yoxdur. Başqa da harasa getməyə imkanım yoxdur, əlil arabasında hərəkət edirəm, tək bir yana gedə bilmirəm. Yoldaşım da körpə uşağa baxır. Qızımın 2 yaşı var, mən o pensiya ilə onu dolandırıram, ona yemək, pampers, paltar alıram. Ailə üzvlərimin, qohumların yardımı ilə dolanırıq. Prezidentdən xahiş edirəm, ya artımları ləğv etsin, pensiyamızı vaxtında versinlər, ya da bunu edən məmurların dərsini versin”.
O.Cəbrayılovun sözlərinə görə, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” prezident sərəncamı ilə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunsa da, anası onu da ala bilmir: “Məlum məsələdir ki, bizə xüsusi qulluq anam tərəfindən göstərilir və bunun üçün müavinəti o almalıdır. Amma bunun üçün də bizi get-gələ salırlar, müxtəlif sənədlər topladırlar. Ona bir sözüm yoxdur, bəlkə qanun belə tələb edir, amma necə ki, bunun üçün qanuna əməl edirlər, eləcə də bizim pensiyalarımızın ödənməsində qanunu pozmasınlar, gecikdirməsinlər pensiyamızı. Hər ikimiz 1-ci qrup əlilik və əmək qabiliyyətimiz yoxdur. Belə olan halda dolanışıq üçün bütün ümidimiz aldığımız pensiyadır, onu da bu qədər gecikdirirlərsə bizə dolayısı ilə “acınızdan ölün” deyirlər”.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblı AFN-ə məsələnin 1-ci gün araşdırılacağını bildirdi.
Xatırladaq ki, "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli sərəncamı ilə I qrup əlillərə ödənilən sosial müavinətin məbləği 150 manata çatdırılıb.
HƏBİBƏ