“İlham Əliyev tədricən Naxçıvanı bizim üçün çox təhlükəli zonaya çevirir...” - YEREVANDA TƏŞVİŞ
Naxçıvan muxtar respublikasında Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə “Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinin keçirilməsi Yerevanda təşvişlə izlənir.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan Ermənistanın Naxçıvanla və Azərbaycanla bağlı “iki ayrı siyasət aparmalı olduğunu” deyib.
“İlham Əliyev tədricən Naxçıvanı bizim üçün olduqca təhlükəli zonaya çevirir. Bunun son sübutu Türkiyə ilə birlikdə keçirilən yeni hərbi təlimlərdir. Təlimlərin məqsədi təkcə döyüş vərdişlərinin işlənməsi deyil, ora əlavə təbliğati məzmun da qatılır. Bunu başa düşmək üçün təlimlərin adına baxmaq kifayətdir. Ona görə də Ermənistan Naxçıvanla bağlı ayrıca siyasi xətt işləyib hazırlamalıdır”-Voskanyan bildirib.
Türkiyə və Azərbaycan silahlı qüvvələrinin iştirakı ilə sayca dördüncü “Sarsılmaz qardaşlıq-2019” taktiki təlimlərinin döyüş atışlı mərhələsi bu gün iyunun 7-də başlayır və iyunun 11-nədək davam edəcək.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq.
Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.
Xatırladaq ki, son illərdə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu güclü və müasir silah sistemləri, o cümlədən aviasiya texnikası ilə silahlanıb. Bu ordunun qüvvələri Ermənistanın paytaxtı da daxil olmaqla bir çox yaşayış məntəqələrini atəş altında saxlamaq imkanındadır. Ötən il Ümumqoşun Ordunun bölmələri uğurlu Günnüt əməliyyatı həyata keçirərək min hektarlarla ərazini nəzarət altına alıblar və Ermənistandan Dağlıq Qarabağa gedən əsas yola nəzarət imkanı əldə ediblər. Azərbaycanın Naxçıvana qüvvə cəmləşdirməsi və orada keçirilən təlimlər hər dəfə Ermənistanda ciddi təşviş yaradır.