“Niaqara” restoranında fiziki məhdudiyyətli uşaq və gənclər üçün möhtəşəm tədbir keçirilib - FOTOLAR
İyunun 3-də “Niaqara” restoranında hərəkət məhdudiyyətli uşaqlar və gənclər üçün xeyriyyə tədbiri keçirilib.
Tədbirin təşkilatçısı Vəfa Səfərovanın AFN-ə verdiyi məlumata görə, tədbir həm 1 İyun uşaqların müdafiəsi gününə, həm də Ramazan bayramı aralığına təsadüf etdiyindən qonaqları həm körpələr, həm də gənclər təşkil edib: “Onların bəzilərini bizim komanda vəsait toplayıb əməliyyat etmişdi, dəfələrlə müxtəlif problemlərini həll eləmişdik, bəzilərini isə tanıdığım insanlardan məlumat alaraq dəvət etmişdik. Təxminən 50-55 fiziki məhdudiyyətli insan (əsasən uşaqlar) iştirak edirdi. Onlar üçün hər şeyi maksimum asanlaşdırmağa çalışmışdıq. İştirak edənlərin 90%-ni maşınlar evlərindən götürüb gətirib və tədbir sonrası da evlərinə aparmışdı. Bu işdə isə biz AFN.az portalının baş redaktoru Səbuhi Qafarova, Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi yaninda "Bakı-Taksi Xidməti" MMC-nin direktoru Fuad Əliyevə və Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimova təşəkkürümüzü bildiririk. "Bakı Taksi" MMC 10 taksi ayırmışdı, Bakının müxtəlif kəndlərindən qonaqlarımızı gətirməyə. BNA bir ünvandan gətiriləcəək 15-16 nəfər üçün mikroavtobus ayırmışdı. Dostlarımdan Elməddin Şükürov öz dostu ilə 6 ailənin maşınla aparılıb-gətirilməsini təmin elədi. Seymur Məcid bir ailəni, Raziyyə İmranqızı bir ailəni gətirdi. Bəzi ailələrə isə gəlib-getmələri üçün taksilər tutub pulunu ödədik. Qobustanın Çuxanlı kəndindən olan 2 serebral iflic qardaşı da orda görmək istədik. Çünki onlar həyatı boyu o balaca, miskin evlərindən özgə heç yerdə olmamışdılar. Bəlkə həyatlarında, (30 illik ömürlərində) bir ilk idi ki, evlərindən kənara çıxacaqdılar. Onlar üçün xüsusi taksi tutuldu və tədbirə gətirdik.
Dəvət etdiyimiz bütün ailələrlə (bəziləri son anda qoşuldu deyə onlardan soruşmağa zaman olmadı) şəxsən danışıqlar aparırdım. Hansı uşağa nə ehtiyacdır deyə tək-tək soruşmuşdum.
Vəsait toplamışdıq. “Niaqara” restoranının böyük zallarından biri tam təmənnasız bizim ixtiyarımıza verilmişdi. Orda çalışan Ramin Kərimov və iş yoldaşları bu tədbir üçün əllərindən gələni etdilər. Bütün ərzaqları alıb gözəl və zəngin süfrə qurdular. Mən yalnız toplanan vəsaitdən 230 AZN pul verdim onlara. Qalan vəsaitin hamısını “Niaqara”nın işçiləri toplaşıb yığmışdı. Restoranın müğənniləri Ramın Nabran, Aynur Dadaşova və adını unutduğum bir müğənni tam təmənnasız, sevə-sevə gözəl mahnılar oxuyub uşaqları oyuna dəvət elədilər. Kloun, köpük şou göstərən uşaqlar, fotoqraf, video çəkən, bütün ofisiantlar tam təmənnasız, Allaha xatir ürəklə iştirak edirdilər”.
V.Səfərovanın sözlərinə görə, tədbirdə xeyriyyəçi insanlar da iştirak ediblər və elə oradaca bəzi uşaqların və ailələrin ehtiyaclarının həllinə yardımçı olublar. Bundan əlavə, toplanan vəsaitlə əlilliyi olan uşaq və gənclərin bir sıra ehtiyacları qarşılanıb, bəzilərinə yeni arabalar, bəzilərinə digər əşyalar alınıb.