Əlil mayorun ailəsi dövlətdən mənzil istəyir




"Həyat yoldaşım və 2 uşaqla birgə kirayə yaşayırıq. 2013-cü ildən mənzil növbəsinə yazıldığımız halda, hələ də bizə ev verilməyib".



Bunu I qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan mayor İlqar Rəfiyevin həyat yoldaşı Dinar Rəfiyeva AFN-ə göndərdiyi məktubda bildirib. O, qeyd edib ki, İ.Rəfiyev Ağdam, Füzuli, Ağdərə rayonları və kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib və bir neçə dəfə ağır yaralanıb: "Yoldaşım I qrup gözdən əlildir. 2011-ci ilədək Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində xidmət edib. Bu müddətdə bir çox orden və medallarla təltif olunub. Döyüş tapşırığını yerinə yetirərkən aldığı travmalarla əlaqədar 01.02.2011-ci ildə Müdafiə Nazirliyinin qərarı ilə ordu sıralarına tam yararsız hesab olunaraq, mayor rütbəsində tərxis edilib".

D.Rəfiyevanın sözlərinə görə, 15.03.2013-cü ildə Şəki Şəhər İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınsalar da, ailə indiyədək mənzillə təmin edilməyib: "Biz dəfələrlə yerli icra orqanına, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişik. Hər dəfə növbəli şəkildə mənzillə təmin olunacağımızı desələr də, bir nəticəsi yoxdur".

Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Fazil Talıblı AFN-ə açıqlamasında bildirdi ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan mənzillər növbə ilə təqdim edilir: "2014-cü il yanvar ayından Şəki rayonu üzrə 72 nəfər imtiyazlı şəxs mənzil üçün növbədədir. İlqar Rəfiyev həmin siyahıda 57-ci yerdədir. Bildiyiniz kimi, evlər növbəli şəkildə verilir. Sıra çatanda Rəfiyevlər ailəsi də mənzillə təmin olunacaq".

F.Talıblı onu da qeyd dib ki, ildən-ilə mənzil və fərdi ev tikintisi üçün nəzərdə tutulan proqramın həcmi genişləndirilir: "Ötən il 626 mənzil təqdim edilibsə, bu il 900-dən çox ev veriləcək. Proqram artdıqca, növbə də tez çatır. Mənzil üçün qeydiyyata düşən hər kəs istəyinə çatacaq. Sadəcə növbəni gözləmək lazımdır".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu