Jurnalistlər Masazır Duz Zavodunu ziyarət ediblər - FOTOLAR
Ölkənin aparıcı KİV nümayəndələri "Azərduz", “Salute”, “Bizim Duz” markalarının istehsal edildiyi Masazır Duz Zavodunu ziyarət ediblər.
Səfər zamanı jurnalistlərə zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun keçdiyi prosedurlar ilə yaxından tanış olublar. Müəssisə ilə tanışlıq zamanı zavodun müdiri Nəbi Zeynalzadə jurnalistlərə Masazır Duz Gölündən XIX əsrdən duz emal edildiyini bildirib. O, media mənsublarının suallarını cavablandırarkən 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması” haqqında qanunun imzalandığını söyləyib. 2008-ci ildə isə UNİCEF və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində əhali arasında yod çatışmazlığı səbəbindən yaranan xəstəliklərin geniş yayıldığı aşkar edilib və yodlaşdırılmış duzun istehsalını həyata keçirəcək müəssisəyə ehtiyacın olduğu barədə hesabat hazırlanıb. Və bu məsuliyyətli iş ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan “Azərsun Holdinq”ə etibar edildi. Masazır Duz Zavodunun açılış mərasimi 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə baş tutub. Daha sonra “Azərduz” markasının marketinq müdiri Lamiyə Bayramova jurnalistlərə zavodda əla növ xörək və ekstra növ süfrə duzlarının istehsal edildiyini bildirib. Duzun keyfiyyət göstəricilərinin yüksək olmasındandır ki, Ukrayna, Rusiya və Qazaxıstan kimi bütün dünyaya duz ixrac edən ölkələrə məhsul satışı həyata keçirilir. Ümumilikdə Masazır Duz Zavodunda istehsal edilən “Azərduz”, “Salute”, “Bizim Duz”, “Tablife” “Chveni Supra” markaları Gürcüstan, Rusiya və Qazaxıstana ixrac edilir. Bu günlərdə isə istehsal müəssisəsinə Sankt Peterburq Böyük Sinaqoqası tərəfindən “Kosher” sertifikatı təqdim edilib. Masazır Duz Zavodunda yoxlama həyata keçirən yahudi icmasının məsul nümayəndəsi məhsulların ən yüksək keyfiyyət göstəricilərinə sahib olduğunu bildirib. Məsul nümayəndə zavodun illərdir “Kosher” sertifikaının tələblərinə uyğun fəaliyyət göstərdiyini qeyd edib. İstehsal prosesi barədə məlumat verən istehsal sahə rəisi Ruslan Allahverdiyev xammalın göl suyundan alındığını və ən müasir texnika və avadanlıqlardan istifadə edildiyini söylədi. Jurnalistlərə bütün prosesi əyani şəkildə nümayiş etdirən mütəxəssis istehsal olunan ekstra növ duzların minimum 99.7 faiz natrium xloriddən ibarət olduğunu və bu göstəricinin bütün dünya üzrə çox yüksək olduğunu bildirdi. Duz Zavodunda qida duzları ilə bərabər sənaye duzları da istehsal edilir. Masazır Duz Zavodu ölkəmizdə ekstra keyfiyyətli duzdan tablet duzunun istehsalını həyata keçirən yeganə müəssisədir. Tablet duzları su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunur. KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izləyiblər. Onlar burada son texnologiya ilə təchiz edilmiş zavodun, istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış olublar. Ziyarət çərçivəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaya baş çəkən jurnalistlərə keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyi və şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələyə xüsusi həssaslıqla yanaşdığı bildirildi. “Azərsun Holdinq”in rəhbərinin keyfiyyət fəlsəfəsinə uyğun olaraq bütün müəssisələrdə olduğu kimi burada da keyfiyyətə xüsusi önəm verilir. Keyfiyyət - xammal, qablaşdırma, son məhsul, kadrlar və bütün digər məsələlərdə əsas ünsür hesab edilir. Jurnalistlərin suallarını cavablandıran Tural Əsgərov duzun yodlaşdırılmasının vacibliyindən danışdı, ev şəraitində adi su ilə duzu qataraq duzun keyfiyyətini müəyyən etməyin mümkün olduğunu söyləyərək bu prosesi nümayiş etdirdi. Xüsusilə qeyd etmək lazımdır ki, digər “Azərsun” müəssisələrində olduğu kimi Masazır Duz Zavodunda da laboratoriya müəssisəyə deyil baş ofisə bağlı olaraq çalışır ki, bu da onların keyfiyyət məsələsində tam müstəqil və obyektiv olmalarına şərait yaradır. İllik istehsal həcmi 90.000 ton olan Masazır Duz Zavodunun fəaliyyətə başlaması “Regionların inkişafına dair” dövlət proqramına uyğun olaraq ətraf qəsəbələrdə yaşayan insanların məşğulluğunun təmin edilməsi və sosial-rifah halının yüksəldilməsinə də mühüm töhfə verir. Bundan əlavə, istehsal müəssisəsi tərəfindən mütəmadi olaraq müxtəlif sosial layihələr reallaşdırılır, aztəminatlı ailələrə bayram sovqatları təqdim edilir. Media tur zamanı jurnalistlərə Masazır Gölünün milli sərvət hesab edildiyi və onun ekoloji balansının qorunmasına xüsusi önəm verildiyi bildirildi. Gölün bütün perimetri boyu kanalizasiya xətləri və kollektor mövcuddur ki, bununla da gölə tullantı sularının axıdılmasının qarşısı alınır. Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal olunan məhsullar “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə” dair dövlət proqramına uyğun olaraq istehsal edilir və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraq olaraq apardığı monitorinqlərin nəticələrinə görə yüksək qiymətləndirilir.