Yaddaş zəifliyiniz varsa…




Yaş artıqca, ortaya çıxan problemlərdən biri də yaddaş zəifliyidir. AFN-in məlumatına görə, insan orqanizmi qocaldıqca, digər orqanlarda olduğu kimi beyinin funksiyasında da dəyişiklik baş verir. Yaddaş zəifləməsi yaşlanmanın gətirdiyi təbii hal olsa da, qarşını nisbətən almaq, prosesi ləngitmək mümkündür. Mütəxəssislər bunun üçün ilk növbədə faydalı məhsullarla qidalanmağı tövsiyyə edir.



Onu da qeyd edək ki, siqaret, içki və digər pis vərdişlər yaddaşın zəiflənməsini sürətləndirir. Erkən unutqanlıq problemi yaşamaq istəmirsinizsə, həyat tərzinə də diqqət yetirməyiniz önəmlidir.

Araşdırmalara görə, B qrup vitamin kompleksi, vitamin C və Omeqa- 3 yaddaş zəifləməsinin qarşısını alır. Odur ki, unutqanlığa qarşı tərkibində bu maddələr olan qidaları qəbul etmək faydalıdır. Məsələn, gündəlik qida rasionunuza yumurta, balıq, göyərti, mərcimək və lobya kimi vitaminli məhsullar daxil edə bilərsiniz. Həkimlər həftədə ən azı 2 dəfə balıq yeməyi tövsiyyə edir. Əgər balıq əti sevmirsinizsə, o zaman Omeqa-3 ilə zəngin olan qoz, kətan toxumu, balqabaq tumu da yeyə bilərsiniz. Məlumat üçün bildirək ki, yumurtanın tərkibində yaddaşı gücləndirən “kolin”, yaşıl çayda isə “polifenol” adlı maddə var.

Yaddaşın gücləndirilməsi üçün göyərtidən, xüsusən də ispanaqda da istifadə etmək olar. Unutmayın ki, göyərti nə qədər tünd yaşıl olarsa, demək ki, tərkibində antioksidan miqdarı daha çoxdur.

Həmçinin yaddaş üçün fol turşusu da çox xeyirlidir. Bu maddə taxıl, mərcimək, lobya və buğdada var.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu