2 noyabr aksiyasının təxirə salınmasının ilginc SƏBƏBİ




Milli Şuranın noyabrın 2-nə təyin etdiyi mitinqi təxirə salması ilə bağlı yeni məlumatlar var. Milli Şuraya yaxın mənbədən daxil olan məlumata görə, mitinqin təxirə salınması Milli Şura rəhbərliyinin xarici ölkələrdən dəstək ala bilməməsi ilə bağlı olub.



Qeyd edək ki, daha əvvəl AXCP sədri Əli Kərimlinin Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskasla görüşü haqda məlumat yayılıb. Məlumata əsasən, AXCP sədri sosial şəbəkədə bununla bağlı yazıb ki, səfirlə 19 oktyabr mitinqi zamanı baş verənləri ətraflı müzakirə edib. Kərimlinin yazdığına görə, səfir Aİ-nin 19 oktyabr gecəsi açıqladığı rəsmi mövqeyi bir daha vurğulayıb: “Avropa İttifaqı toplaşmaq azadlığını fundamental insan hüquqlarından biri sayır və gözləyir ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə uyğun şəkildə bu hüququn tam tətbiq olunmasını təmin edəcək. Aİ hesab edir ki, aksiyanın dağıdılması və iştirakçıların saxlanılması üçün aşırı gücdən istifadə edildiyi haqda məlumatlar araşdırılmalıdır. Aİ həmçinin hakimiyyəti həbs olunan dinc etirazçıları azad etməyə çağırır”.

Lakin Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin yaydığı açıqlamada Əli Kərimlinin bu iddaları təkzib olundu. Aydın oldu ki, onların adından Əli Kərimlinin səsləndirdiyi fikirlər heç də həqiqəti əks etdirmir.

Maraqlıdır ki, Əl i Kərimlinin yuxarıdakı iddialarına baxmayaraq, bu görüşdən sonra Milli Şurada 2 noyabr mitinqinin ləğv olunması ilə bağlı müzakirələr aparılıb. Avropa İttifaqından dəstək alınamadığı üçün Milli Şura mitinqin ləğv olunması haqqında qərar verib. Bundan sonra isə Cəmil Həsənli Milli Şuranın “ağsaqqalı” kimi dövriyəyə girib və sosial şəbəkədə məlum “tövsiyyələrini” verib. Bu “tövsiyyədən” sonra isə güya Milli Şura məsələni müzakirə edərək mitinqin təxirə salınması ilə bağlı qərar qəbul edib.

Mənbə bildirir ki, C.Həsənlinin və Ə.Kərimlinin Avropa İttifaqından dəstək ala bilməməsi Milli Şurada ciddi xəyal qırıqlığı yaradıb. Bu üzdən də bəzi aktivistlərin Milli Şuradan uzaqlaşaması istisna olunmur.

AFN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu