Fəlsəfə doktoru küçədə yaşayan malokan qadından yazdı: “Üz qarasıdır...” (FOTO)




"Bir qadın haqqında söhbət açmaq istəyirəm. Bu qadın milliyyətcə rusdur, Cəlilabad şəhərinin mərkəzində, Heydər Əliyevin heykəlinin yanındakı oturacaqlardan birində yaşayır. Bəli, düz eşitdiniz, soyuq havada da, isti günlərdə də oturacaqda yaşayır, orada yatır, orada çörəyini yeyir, bir iti və bir pişiyi də onunla bu oturacağa sığınıb, it oturacağın altında, pişik isə qadınla qol-boyun olub çimirini alır. Gəlib-gedənlərin isə vecinə deyil ki, bu qadın kimdir və niyə "bomj" həyatı yaşayır?! Amma mən onu tanıyıram”.



Bu sözləri tanınmış pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı öz Feysbuk hesabında yazıb. O, haqqında danışdığı qadının etiqadca malokan, Azərbaycana II Yekaterinanın dövründə gələn rusların nəslindən olduğunu qeyd edib:

"Bu faktı ona görə yazıram ki, babalarından birinin qəbrinin üstündəki başdaşına ölüm ili 1746-cı il yazılıb. Bu qadının adı Lüdmila, atasının adı Aleksandr, soyadı isə Sobolevadır. Soboleva Lüdmila Aleksandrovna! Tanıyanlar onu sadəcə Lüba deyə çağırırlar. Buradakı beşmərtəbəli binanın sakinləri ona yemək verir, çay gətirirlər.

Lübanı çoxdan tanıyıram, qəzet satırdı, uzun müddət ondan qəzet-jurnal almışam, hətta bəzi qəzetləri saxlatdırırdım da. O zaman Lüba elə qəzet köşkündəcə yaşayır, orada da yatırdı. O, 1963-cü ildə anadan olub, cəmi 56 yaşı var. Ərə getməyib. Deyir, istəyənim vardı, ancaq mən Lüdmila olaraq Ruslanımı tapmadım. Əlbəttə, romantik cavabdır.

Lübanın atadanqalma evi olub, amma bacı-qardaşları həmin evi satıb, Rusiyaya köçüblər. Lüba getməyib, indi də getmək istəmir, deyir, Azərbaycanda öləcəyəm, bu torpağı qoyub gedə bilmərəm. Amma canı qədər sevdiyi bu torpağın üstündə başını yağışdan qoruyan "xatası" yoxdur. İcra hakimiyyətində olub, ona sığınacaq verilməsini istəyib, burnunun üstündən vurub çıxarıblar. Yeri gəlmişkən, deyim, son 15-20 ildə Cəlilabadda mülki və sosial evlər tikilmir, bu hal təkcə Lübakimilərə deyil, ümumiyyətlə ev ehtiyacı olanlar üçün çətinlik yaradır.

Lüba Rusiyanın Azərbaycandakı səfirliyinə öz vəziyyəti ilə bağlı müraciət etmək istəmir, deyir, qorxuram, məni ötürələr Rusiyaya, mən isə burada, Azərbaycanda ev-eşik sahibi olmaq istəyirəm. Lübanı başa düşmək olar, çünki onun bir neçə nəsil babası bu torpaqda dəfn olunub, o da burada, özü demişkən, Astraxanbazarda, ata-babasının yanında əbədi uyumaq istəyir.

Cəlilabad rayon İcra Hakimiyyətində, rayon bələdiyyəsində Soboleva Lüdmila Aleksandrovnanın taleyi haqqında mütləq düşünməlidirlər. Bu, onların borcudur, Lübaya mütləq sığınacaq verilməlidir.

Lübanın Cəlilabad rayon İcra Hakimiyyətinin qarşısındakı bağda bomj həyatı yaşaması bu rayon üçün üz qarasıdır”.

Cəlilabad rus icmasının sədri Ella Romanova "Multikultural Azərbaycan”a bildirib ki, Soboleva Lüdmila Aleksandrovna özü bu həyatı seçib: "Soboleva Lüdmila Aleksandrovnaya əvvəllər köhnə Göz Xəstəxanasında bir otaq vermişdilər, orda qalırdı. Sonradan çalışdığı qəzet köşkündə həm işləyir, həm də yaşayırdı. O özü bu həyatı seçib. Səhf etmirəmsə, hər ay 200 manatdan çox təqaüd alır. Rayon yerində aldığı təqaüdün 60-70 manatını verib kirayədə də yaşaya bilər. Bu barədə ona dəfələrlə məsləhət verilib, təəssüf ki, o bunu etmir. Biz onu başqa heç nəyə məcbur edə bilmərik”.

Cəlilabad rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov isə bildirib ki, Soboleva Lüdmila Aleksandrovnaya hər zaman diqqət göstərilib: "Yaxın günlərdə Soboleva Lüdmila Aleksandrovnanı yataqxanada bir otaqla təmin edəcəyik, artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb”.(Qaynarinfo)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu