"Baku Electronics"i heç kimə bir müştəri kimi MƏSLƏHƏT GÖRMÜRƏM! - ŞİKAYƏT
Müştəri “Baku Electronics”in xidmətindən narazı qaldığını bildirir
AFN.az xəbər verir ki, Orxan Hacıəli adlı vətəndaş "Müştəriyəm, şikayətim var" adlı Facebook qrupunda “Baku Electronics” mağazalar şəbəkəsinin müştəri xidmətindən narazılığını ifadə edib.
O qeyd edib ki, iyul ayında nağd ödənişlə alınan kofe üyüdən elektrik avadanlıqın vitrin məhsulu olduğu barədə əvvəlcədən məlumat verilməyib. Məhsulun 1 gün sonra işləməməsi səbəbindən geri qaytarmaq istədikdə, satış nümayəndələri yenisinin olmadığını və vitrindən təqdim edildiyini bildiriblər. Müştərinin sözlərinə görə, satış etikasına əsasən vitrindən razılıq olmadan məhsulun satışı yolverilməzdir.
O daha sonra bildirib ki, məhsul servisə göndərilib və orada əvvəldən qeydiyyatda olduğu aşkarlanıb. Məhsulun geri qaytarılması zamanı isə 40% kəsinti təklif olunub. Uzun mübahisədən sonra bu rəqəm 25%-ə endirilsə də, müştəri bu şərtlə razılaşmayıb və baş ofisə rəsmi şikayət ərizəsi ilə müraciət edib.
Şikayət təsdiqləndikdən sonra müştəriyə 2 gün ərzində geri ödəniş olunacağı bildirilsə də, bu müddət bir neçə dəfə təxirə salınıb. Müştəri təkrarən baş ofisə üz tutmalı olub və nəticədə yalnız 10 gündən sonra SMS vasitəsilə bildiriş alaraq məhsulun dəyərinin 25% tutulmaqla ödənildiyini bildirib.
Orxan Hacıəli paylaşımında qeyd edir ki, bu hadisə nəticəsində 2 ay müddətində vaxt itkisi yaşayıb və şirkəti müştəri hüquqlarını pozmaqda, şəffaf olmamaqda və “dələduzluq yolu ilə gəlir əldə etməkdə” ittiham edib.
Baku Electronics isə məsələyə sosial şəbəkə paylaşımı altında rəsmi mövqe bildirib. Şirkət bildirib ki, məhsul servisə təqdim edildikdə iddia edilən qüsurlar aşkarlanmayıb: “Cihazda heç bir texniki problem aşkar olunmayıb. Buna baxmayaraq, müştəri məmnuniyyəti nəzərə alınaraq ilkin təklif olunan 40%-lik tutulma rəhbərlik tərəfindən 25%-ə endirilib və bu, müştəriyə Azadlıq filialının rəhbərliyi tərəfindən izah olunub. Müştəri razılıq verdikdən sonra akt tərtib olunaraq məhsul geri alınıb.”