“Optimal Electronics” kreditlərə güzəşt adı ilə gecikmə yazıb” - ŞİKAYƏT
Məişət texnikası və elektronika məhsulları şəbəkəsi “Optimal Electronics” ilə bağlı narazılıq yaranıb.
Mağaza pandemiya ilə bağlı kredit ödənişində verdiyi 1 aylıq güzəşti gecikmə kimi qeydə aldığı iddia olunur.
Belə ki, ötən ilin mart ayında mağazalar şəbəkəsi müştərilərinə elan verərək aprel ayı üçün 1 aylıq müddətinə kredit ödənişlərinə möhlət verildiyini açıqlayıb. Lakin mağazanın müştərisi Rafət Əliyevanın sözlərinə görə, kreditini “Optimal Electronics” müştəri reyestr xidmətində gecikmə olaraq qeydə alıb və müştərinin kredit tarixçəsi korlanıb.
“Optimal”dan 2020-ci ilin fevral ayında adıma noutbuk götürülüb və 1 ay ödənişdən sonra pandemiya başladı. “Optimal” müştərilərə 1 ay “güzəşt” edərək növbəti aydan ödəniş edə biləcəyini bildirdi. Mən də aprel ayında ödəniş etmədim və maydan ödəniş davam olundu, 2021-ci ilin iyun ayında bitdi. Amma gəl gör ki, tanıtdığı bu “güzəşti” müştəri reyestr xidmətində gecikmə olaraq salıb. Məqsəd bu idi yəni?! Nə haqla güzəşt adı altında müştərinin adına gecikmə salırsınız?! Hamı dedi "halaldır, “Optimal”a, müştəriləri başa düşür", amma adlarına gecikmə salındığını bilmədi. Bundan sonra belə məqamlarda ehtiyatlı olun”, - deyə R. Əliyeva sosial media hesabında qeyd edib.
Şikayət ilə bağlı Ölkə.Az “Optimal Electronics”ə müraciət edib. Mövzu ilə bağlı məlumat veriləcəyi deyilsə də, hələ ki bu barədə hər hansı açıqlama verilməyib.