Məktəb psixoloqları üçün seminar keçirilib
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində Sumqayıt şəhəri ərazisində psixoloqların maarifləndirilməsi üçün “Seminar, təlim və sənədləşmə işlərinin təkmilləşdirilməsi” həyata keçirilib.
Eyni zamanda məktəbdə davamiyyəti zəif və öyrənmə çətinliyi olan uşaqlarla fərdi işin təşkili, risk qrupuna daxil olan valideynlərə uşaqları ilə birlikdə psixoloji, pedaqoj və fərdi inkişaf planının hazırlanması sahəsində psixoloqlara dəstək göstərilir.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Əlizadənin təşəbbüsü ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin inspektoru Səxavət Qənbərov, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva ilə birlikdə görüşlər keçirilib və birgə fəaliyyət planı hazırlanıb.
Bu fəaliyyət planına əsasən noyabrın 13-14-də Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə məktəb psixoloqları üçün təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsədimiz psixoloqların məktəblərdə risk qrupuna daxil olan uşaqlarla işin təşkili bacarıqlarının artırılması, bu uşaqların valideynləri ilə münasibətlərinin düzgün qurulması, müəllim - valideyn və şagird üçbucağının yaradılması, təhsildən geri qalmış uşaqların diqqət mərkəzində saxlanılması və onlarla işin təşkili bacarıqlarının artırılması olub.
Tanınmış təlimçi Vüsalə Əmraslanova iki gün ərzində 40-dan çox məktəb psixoloqlarına bu sahədə fəaliyyətin daha da yaxşılaşdırılması üçün bilik və bacarıqların artırılmasında dəstək olub.
Sonda müvafiq materiallar və sənədlər hər bir psixoloqa paylanılıb. İki günlük təlimin nəticəsi olaraq psixoloqlara müvafiq sertifikatlar verilib.
Qeyd edək ki, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən icrası davam etdirilən “Sumqayıt şəhəri və yaxın bölgələrdəinsan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində görüləcək bütün işlər barədə ictimayyət məlumatlandırılacaq.