QHT Şurasının dəstəyi ilə keçirilən layihə başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin dəstəyilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-i oktyabr ayının 1-dən “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili" layihəsinin icrasına başlayıb. Layihənin icrası Sumqayıt şəhərini və ona yaxın 12 şəhər və rayonu əhatə edib.
Cebhe.info xəbər verir ki, layihə çərçivəsində təşkilatın ofisində müraciət edən hər bir şəxs üçün fərdi psioxoloji konsultasiyalar, hüquqi, sosial yardımlar təşkil olunur. Mərkəzin ofisində 6 gün 8 saat xidmət göstərən “Etimad” telefonu fəaliyyət göstərir. Zəng edənlərin hər birinə ilkin psixoloji, hüquqi yardımlar göstərilir.
Bu zaman ərzində təşkilata müraciət etmiş 68 nəfərə hüquqi, 32 nəfərə psixoloji, 98 nəfərə sosial yardım göstərilib. “Etimad” telefonu vasitəsilə 44 nəfərə ilkin psixoloji və hüquqi yardım göstərilib.
Layihə çərçivəsində “Dünya TV” telekanalında insan alveri, məcburi əmək mövzularında 6 televiziya verlişi nümayiş olunub. Televiziya verlişləri 2 saat canlı olaraq yayımlanıb.
Verlişlərdə bu sahədə çalışan ekpertlər, hüquqşunaslar çıxış edib. Televiziya verlişlərinin əsas məqsədi tamaşaçıları insan alveri, məcburi əmək mövzularında maarifləndirmək, potensial qurbanların insan alveri qurbanına çevrilməmələri üçün bu mövzuda onları məlumatlandırmaq olub.
Layihə çərçivəsində məktəb psixoloqları üçün “Risk qrupuna daxil olan uşaqlara psixoloji yardımın göstərilməsi” mövzusunda təlimlər keçirilib. Təlimlərdə 40 nəfər psixoloq iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd psixoloqların məktəblərdə risk qrupuna daxil olan uşaqlarla işin təşkili bacarıqlarının artırılması, bu uşaqların valideynləri ilə münasibətlərinin düzgün qurulması, müəllim-valideyn-şagird üçbucağının yaradılması, təhsildən geri qalmış uşaqların diqqət mərkəzində saxlanılması və onlarla işin təşkili bacarıqlarının artırılması olub.
Təlimlər həmçinin hüquqşunas, sosial işçi və sosial aktiv insanlar üçün də keçirilib.
Təşkilat tərəfindən regionlarda insan alveri sahəsində mövcud vəziyyətin öyrənilməsi ilə bağlı sorğular təşkil edilir. Sorğular regionlarda yaşayan əhali və regionlarda fəaliyyət göstərən ictiami təşkilatlar arasında aparılır.
Təşkilatın ofisində insan alverinə aid qanunvericilik, ölkədə və regionda insan alveri sahəsində olan vəziyyət barədə məlumatlar bazası hər ay yenilənərək maraqlanan hər bir şəxsin ixtiyarına verilib.
Layihə çərçivəsində Quba, Xaçmaz və Biləsuvar rayonlarında səyyar xidmətlər təşkil edildi. Səyyar xidmət bu regionlarda təşkil olunması təşkilata daxil olan müraciətlərin çoxluğu ilə əlaqədar idi. Layihə çərçivəsində, “İnsan alveri ilə mübarizə” mövzusunda ictimai müzakirə keçirildi. Müzakirədə psixoloqlar, hüquqşunaslar, QHT nümayəndələri, icitimai aktiv şəxslər iştirak etdi. Görüş zamanı insan alverinin əsas səbəbləri, onunla keyfiyyətli mübarizə yolları, insan alveri və risk qrupuna daxil olan şəxslər üçün keyfiyyətli xidmtələrin təşkili müzakirə olundu. Layihə dekabr ayının 31-i bitsə də, layihə çərçivəsində nəzərdə tutulmuş xidmətlər davamlı olaraq göstərilib və göstəriləcəkdir.