Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi
Bu gündən Azərbaycan polisi bələdiyyə seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bələdiyyə seçkilərinin yüksək təhlükəsizlik şəraitində keçməsi məqsədilə respublikanın daxili işlər orqanları dekabr ayının 22-dən 25-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Əmrdə qeyd olunub ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 104-14-cü maddəsinə əsasən, səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, polis əməkdaşının səsvermə zamanı seçki məntəqəsində olması qadağan edilir. Xüsusi geyim formasında olan polis əməkdaşı seçki məntəqəsinə yalnız məntəqə seçki komissiyasının qərarı və məntəqə seçki komissiyası sədrinin dəvəti əsasında ictimai asayişin bərpa edilməsi məqsədilə daxil ola bilər və asayiş bərpa olunduqdan sonra məntəqəni dərhal tərk etməlidir.
Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.