İran etiraf etdi: "Təyyarəni yanlışlıqla vurduq" (YENİLƏNİB)




İranı Ordusunun Baş Qərargahı Ukrayna Hava Yollarına aid təyyarənin həssas hərbi nöqtədən keçərkən hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulması barədə açıqlama yayıb.



Qaynarinfo-nun məlumatına görə, açıqlamada bildirilib ki, ABŞ prezidenti və ordusunun İraqdakı bazalara hücuma cavab olaraq, İranın bir çox nöqtələrini hədəf alacaqlarına dair təhdidlərin və bölgədə yaşanan fövqəladə vəziyyətin ardından İran Silahlı Qüvvələri də mümkün təhdidlərə anında cavab vermək üçün ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Hücumdan sonra ABŞ qüvvələrinə aid qırıcıların İran ətrafındakı uçuşlarının artdığı və ölkənin strateji obyektlərinə hücum edəcəkləri barədə müdafiə bölmələrinə məlumat daxil olub. Bu səbəbdən bir çox hədəfin radarlarda görünməyə başladığı və ölkənin hava müdafiə sistemlərinin çox həssas vəziyyətə gəldiyi qeyd edilib.

Açıqlamada sərnişin təyyarəsinin vurulması ilə bağlı bu fikirlərə yer verilib:

"Ukrayna Hava Yollarına aid 752 saylı reys bu həssas və böhran şərtlərində İmam Xomeyni Beynəlxalq Aeroportundan hərəkət etdi. Təyyarə dönərkən İnqilab Keşikçiləri Korpusunun həssas hərbi mərkəzlərindən birinə yaxınlaşdı. Yüksəkliyi və vəziyyəti hücum edəcək kimi görünürdü. Sözügedən təyyarə insan səhvi ucbatından və bilməyərəkdən hədəf alındı".

Baş Qərargah ölənlərin ailələrindən üzr istəyib.

"Bu tip insani xətaların bir daha təkrarlanmamasına zəmanət veririk. Məsul şəxslər barəsində tədbirlər görüləcək", - deyə açıqlamada qeyd edilib.

Hadisə ilə bağlı İran prezidenti Həsən Ruhani də açıqlama verib. O, günahkarların cəzalandırılmalı olduğunu və bu tip xətaların təkrarlanmaması üçün hava müdafiə sistemlərindəki zəif nöqtələrin bərpa edilməsinin vacibliyini vurğulayıb.

"Bu, asanlıqla üstündən keçiləcək məsələ deyil. Faciənin səbəbi və günahkarları ilə bağlı təhqiqat davam etməli, bu bağışlanmaz səhvi edənlər barəsində ciddi tədbirlər görülməlidir", - deyə o bildirib.

Ruhani yazılı açıqlamasında Qasım Süleymaninin qətli və ABŞ-ın təhdidlərinin davam etdiyi bir şəraitdə ölkənin hava hücumundan müdafiə sistemlərinin mümkün hücumların qarşını almaq üçün tam hazır vəziyyətə gətirildiyini deyib.

İran prezidenti də onlarla insanın ölümü ilə nəticələnən faciəyə görə təəssüf hissi keçirdiyini ifadə edib.

*****
İran Ukrayna təyyarəsini raketlə vurduqlarını etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif rəsmi tvitter hesabında məlumat paylaşıb. O, baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiklərini ifadə edib.

"Kədərli bir gündür. Silahlı Qüvvələr tərəfindən aparılan daxili istintaq tədbirlərinin nəticəsi: ABŞ macəpərəstliyinin səbəb olduğu böhran anında insan xətası fəlakətə səbəb oldu. Xalqımız, qurbanların yaxınları və zərər çəkən digər millətlər qarşısında peşmançılıq hissi keçirir, üzr istəyir və başsağlığı diləyirik", - deyə Zərif yazıb.

Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid "Boeing 737" model sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Aeroportundan hava qaldıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu