Rəşad Camalovun biznes şəbəkəsi ilə bağlı yeni məlumatlar açıqlandı - FOTOLAR
46 saylı Şirvan seçki dairəsindən namizədliyi qeydə alınmış Rəşad Camalov 2009-cu ilin fevralından Rusiya Federal Vergi Müfəttişliyinin 31 saylı Moskva ərazi vergi xidmətində fərdi sahibkar kimi qeydiyyatdadır. Rəşad Camalov mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğludur.
Sənədlərə görə, Rəşad Camalova Rusiya Federasiyasında daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərmək üçün lisenziya verilib.
2008-ci ildə 1087746656205 saylı lisenziya və 300 min rubl nizamnamə kapitalı ilə 24 saylı Moskva ərazi vergi xidmətində qeydiyyata alınmış "Olimpik Star" MMC-nin ("Олимпик Стар" ООО) təsisçisi də Rəşad Camalovdur. Şirkət Moskvanın Orexovıy Bulvar 31a ünvanında 2016-cı il iyulun 25-ə qədər fəaliyyət göstərib. Şirkət restoran biznesilə məşğul olub. Qeyd olunan ünvanda Rəşad Camalova məxsus "Olimpik Star" ticarət mərkəzi fəaliyyət göstərib.
Rusiya mənbələrindən məlum olur ki, Camalovun Moskvadakı biznesi geniş profilli olub, bura reklam xidməti göstərən şirkət, "Atrium" mebel salonu, "Pioner" Ticarət Mərkəzi, çoxsaylı daşınmaz əmlak aiddir.
Ən maraqlı məqam isə Rəşad Camalovun vətəndaşlığı ilə bağlı məqamdır. Federal Vergi Xidmətinin fərdi sahibkarlıqla məşğul olanlar haqqında qeydiyyat bazasında 2017-ci ilin avqustun 10-a aid məlumata əsasən Rəşad Camalov Rusiya vətəndaşı olub.
Rəşad Camalov bağlı Rusiya mətbuatında keçən bir xəbər də diqqətçəkicidir. "Novaya Vremya" qəzetinin 2013-cü il 16 dekabr tarixli 42-ci saylı buraxılışında Rusiya oliqarxları ilə bağlı "МОСКВА ЧИНОВНАЯ" başlıqlı maraqlı bir araşdırma dərc olunub.
Newtimes.ru
Jurnalist ОЛЕГ РОЛДУГИН yazırdı ki, Kremlin yaxınlığındakı Şvedskiy dalanı 3-də Rusiya prezidentinin İşlər İdarəsinə aid bina Moskvanın superstatuslu yaşayış binalarındandır.
Bu binada Rusiya xarici işlər naziri Lavrov, Rusiya hökumət başçısının müavini İqor Seçin, Rusiya Hesablama Palatasının hazırki sədri (keçmiş maliyyə naziri) Aleksey Kudrin, baş nazirin müavini Sergey Prixodko (Putinin xarici siyasət məsələləri üzrə keçmiş müşaviri), Rusiya 1-ci telekanalının baş direktoru, mediamaqnat, Konstantin Ernst, neft maqnatı Gennadi Timçenko ilə qonşuluqda azərbaycanlı işadamı Rəşad Yavər oğlu Camalov da var.
Ralduqin qeyd edib ki, Moskva nomenklaturası üçün prestij sayılan bu binada mənzillərin q kv. metri 50 min dollardan başlayır. Məsələn, Kremlə panoraması və böyük terrası olan 1000 kvadrat metrlik mənzillərdən biri əmlak şirkətləri tərəfindən 50 milyon dollara təklif olunur.
Jurnalist qeyd edib ki, Camalov "Olimpik Star" şirkətinin (RООО «Олимпик Стар») sahibidir, restoranları, otelləri var, çörəkdən spirtli içkilərə kimi ən müxtəlif məhsulların parakəndə satışı ilə məşğuldur. Moskvada meyvə-tərəvəzin satışı ilə məşğul olan "Zarya" ticarət şəbəkəsi ona aiddir.
Şirkət 2004-cü ilin iyulunda 1 milyon rubl nizamnamə kapitalı ilə Moskvada qeydiyyatdan keçib, 2007-ci ilin dekabrından təsisçisi dəyişdirilib və Rəşad Camalovun qohumu Şahin Əliyevin adına rəsmiləşdirilib. Əsasən ticarət sahəsində fəaliyyət göstərib, 2016-cı ilin aprelin 11-də ləğv edilib.
Təkcə Moskvada bu adda 3 supermarket fəaliyyət göstərib. Rəsmi təsisçisi Denis Kalinin adlı işadamı olub, lakin şirkətə müxtəlif vaxtlarda Mustafayev Rasim Şirzad oğlu və Məlikov Mahir Südeyif oğlu rəhbərlik ediblər.
Moskvada Rəşad Camalovla bağlılığı olan daha bir şirkət MPK-GLADİATOR MMC (ООО "МПК-Гладиатор") 1996-cı ildə Şahin Baratxan oğlu Əliyevin adına qeydiyyatdan keçib. O, Şİrvan şəhərindəndir, qardaşı Əliyev Şamil Baratxan oğlunun adı 3 il əvvəl "Unibank"la məhkəmə çəkişməsində keçir. 2017-ci ildə Şirvan məhkəməsində "Bank of Baku" tərəfindən də Şamil Əliyevə qarşı pul tələbi ilə iddia qaldırılmışdı.
Daha bir məhkəmə çəkişməsi 2018-ci ildə Şahin Əliyevin özü ilə “Atabank” ASC arasında baş verib. Hər iki halda Camalovun qohumlarının məhkəməyə verilməsinə səbəb onların banklara borcları ilə bağlı olub. Təəssüf ki, qardaşların banklara borclarının həcmi haqqında əlimizdə dəqiq məlumat yoxdur, amma yəqin ki, burada ciddi məbləğlərdən söhbət gedir. Adıçəkilən şəxslərin Azərbaycanda faktiki biznesləri olmayıb, Rusiyada fərdi sahibkar kimi qeydiyyatdadırlar, orada şirkətləri var. Belə çıxır ki, Azərbaycan banklarından götürülən kreditlər ölkədən çıxarılıb və Rusiyadakı biznesə yönəldilib, yaxud vəsait Azərbaycanın özündə başqa şəxslərin adına biznesə yatırılıb.
Şahin Əliyev 2009-cu ildən 43 saylı Mosvkva şəhər regional vergi müfəttişliyində sahibkar kimi qeydiyyatdadır. Fəaliyyəti daşınmaz əmlak biznesindən tutmuş, ticarət və restoran biznesinə qədər ən müxtəlif sahələri əhatə edir.
Yeri gəlmişkən, onların daha bir qardaşı - Əliyev Mehdi Baratxan oğlu da ötən ilin dekabrından Tver şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb. Mehdi Əliyev Tver vilayətində parakəndə ərzaq ticarəti ilə məşğuldur. 1996--cı ildə Moskva Qeydiyyat Palatasında 1 milyon rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş MPK-GLADİATOR MMC (lisenziya nömrəsi7719119858) də Rusiya paytaxtında daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərir. 2016-cı il martın 10-dan baş direktoru Şahin Əliyevdir. Şirkətin 2016-cı il maliyyə sənədlərinə görə gəliri 28 milyon 268 min rubl, yaxud 460 min dollar, xərcləri isə 47 milyon 509 min rubl təşkil edib.
Bu şirkət üzərindən 1997-ci ilin sentyabrında daha bir şirkət "Bejetsk" Qapalı Səhmdar Cəmiyyəti qeydiyyatdan keçirilib, lakin 2007-ci ildə onun fəaliyyəti dayandırılıb. Şirkətin digər təsisçisi "Moloko" ASC olub.
Yavər Camalovun qardaşı Əlikram Camalov da 2008-ci ildən Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib. Moskvada sahib olduğu daşınmaz əmlakın biznesi ilə məşğuldur. Onun 2006-cı ilin avqustun 18-də Rusiya paytaxtında 10 min rubl nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi "AQROPLYUS" MMC (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АГРОПЛЮС") ötən ilin fevralına qədər fəaliyyət göstərib, hazırda ləğv prosesindədir. 99 faiz sahiblik hüququ Yavər Camalovun qardaşına aid olan bu şirkət də daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərib.
Əlikram Camalov Rusiya vətəndaşıdır. Vaxtilə Azərbaycanda Şirvan və Salyan rayonlarını əhatə edən "Hacı Camalxan" adlı fermer təsərrüfatı da açmışdı. Bu təsərrüfat vasitəsilə 2010-cu ildə "Dəmirbank"dan 5 milyon dollardan artıq kredit götürmüşdü və 2013-cü ildə krediti qaytarmadığı üçün bankla qalmaqal yaranmışdı.
Yavər Camalovun digər qardaşı Mərdan Camalov isə hazırda Zərdab rayon icra hakimiyyətinin başçısıdır. Mərdan Camalovun oğlu Alı Camalov da 2007-ci ilin iyunundan 2013-cü ilin fevralına qədər Rusiyanın Tümen vilayətində fərdi sahibkar kimi qeydiyyatda olub.
Vaxtilə Yavər Camalovun ailə biznesində çalışmış Salamov Elcin Zahid oğlu bu ailənin Azərbaycandakı biznes obyektlərinin geniş siyahısını açıqlamışdı.
Araşdırmanı jurnalist Cavanşir Həsənli aparıb.
********************************************************************************
Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/