Ərdoğan: “Suriyada əməliyyatları davam etdirəcəyik”
“Türkiyə ordusunun endirdiyi zərbələr nəticəsində İdlibdə qarşı tərəfdən 30-35 silahlı məhv edilib”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.
R.T.Ərdoğan F-16 qırıcılarının Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən təyin edilən hədəfləri atəş altında saxladığını da vurğulayıb.
Türkiyə prezidenti həmçinin Rusiya tərəfinə müraciət edib: “Xüsusilə Rusiyanın səlahiyyətli nümayəndələrinə səslənirəm: opponentimiz siz deyilsiniz, rejimdir, bizim qarşımızı kəsməyin. Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmamız mümkün deyil. Bunun qisasını almağa davam edəcəyik”.
“Saat 06:15-ə olan məlumata görə rejimin 46 hədəfi atəşə tutulub”, – R.T.Ərdoğan əlavə edib.
Xatırladaq ki, Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələr və Türkiyə ordusu arasında baş verən döyüşlərdə 4 Türkiyə əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb. //“Report”