Ehtiyatda olan xanım hərbi qulluqçu prezidentə növbəti dəfə müraciət etdi




Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifova prezident İlham Əliyevə növbəti dəfə müraciət ünvanlayıb. AFN-ə bu barədə məlumatı M.Yusifovanın özü verib. Onun müraciətini təqdim edirik:



Cənab prezident!

Məcburiyyət qarşısında sizə müraciət edərək vaxtınızı aldığım üçün üzrlü hesab edin. 19 ildən artıq Silahlı Qüvvələrdə hərbi xidmət keçmişəm. Həyatımı bu sahəyə həsr etmişəm və yaş həddinə görə ehtiyata buraxılmışam.

"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12/2 bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbail və Fatmayı bələdiyyələrinə müraciət etmişik.

Belə ki, müraciətlərə Səbail bələdiyyəsi cavab olaraq bildirir ki, onlara aid torpaqların hüdudları, torpaq növləri, ölçüləri, habelə elektron xəritəsi müəyyənləşdikdən sonra mənə torpaq sahəsi ayrılmasına baxıla bilər. (Deməli mən illərlə gözləməliyim də?! Mənim müraciətimə sağlığımda baxılmalıdır!).
3 ildən artıqdır ki, Səbail bələdiyyəsi eyni cavabı verir. Fatmayı bələdiyyəsi də qeydiyyatda olduğumuz ərazi bələdiyyəsinə müraciət etməyimizi tövsiyyə edir. Dəfələrlə Bələdiyyələrlə İş Mərkəzinə və digər əlaqədar strukturlara müraciətimizə cavabı Səbail bələdiyyəsi verib və həmişəki qaydada.
2 saylı Bakı İnzibati-İqtisadi və Bakı Apellyasiya Məhkəməsinə qaldırdığımız iddialar da təmin olunmadığından, Ali Məhkəməyə kassasiya şikayəti verdik. Ali məhkəmə ədalətli qərar verərək işi yenidən baxış üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarsa da, Apellyasiya Məhkəməsi ədalətsiz olaraq iddiamızı təmin etmədi. İşə yenidən 05.02.2020-ci il tarixində Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə baxılacaq. Artıq növbəti iclas zamanı 2 il olacaq ki, məhkəmə qapılarında qalmışıq.
Sizdən xahiş edirəm ki, bu haqsız süründürməçiliyin araşdırılmasını aidiyyatı şəxslərə tapşırasınız və ədalətli qərarın verilməsi üçün köməklik edəsiz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu