Politoloqdan toyu təxirə salınanlarla bağlı maraqlı təkilf
Politoloq Nəsimi Məmmədli koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə toy şənlikləri təxirə salınan gənclərlə bağlı unikal təklif irəli sürüb.
Nəsimi Məmmədli restoranlara, şadlıq saraylarına getmədən də toy sahiblərinə maddi dəstəyin mümkün olduğunu deyib: "Toylarla bağlı yeni qaydalar (müvəqqəti və ya daimi) haqqında düşünək. Restoranlara getmədən də toy sahiblərinə maddi dəstək ola bilərik. Belə ki, toya dəvət olunan hər kəs toy üçün nəzərdə tutduğu məbləği məclis edən şəxsin bank hesabına və ya ünvanına göndərsin. Həm gənc ailəyə çox yaxşı maddi dəstək vermiş olarıq, həm də virusa yoluxma təhlükəsi azalar. Eyni zamanda qonaqların maddi dəstəyi isə şadlıq evlərinə deyil, məhz toy edən şəxslərin özlərinə qalar. Gələcəkdə gənc cütlüklər və onların ailələri yemək-içmək olmadan, az vəsaitlə müəyyən bir şənlik təşkil edə bilər”.
Nəsimi Məmmədli qeyd edib ki, bəzi insanlar toy məclislərində böyük xərcə düşür, şadlıq evləri isə külli miqdarda qazanır: "Toy edən şəxslərə bu barədə təklif etmək lazımdır. Koronovirus yeni toy qaydaları üçün bir fürsətdir”.
Qeyd edək ki, martın 13-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb. Həmin məlumata görə, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) qadağan edilir.(Qaynarinfo)