ABŞ-da koronavirusa yoluxan azərbaycanlılardan birinin adı məlum oldu - VİDEO




"ABŞ-ın Florida ştatında koronavirusa yoluxan həmvətənimiz var".

Bunu "Report"un xüsusi müxbirinə açıqlamasında Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova deyib.

Onun sözlərinəə görə, bu günədək Florida ştatında 28 min nəfər koronavirusa yoluxub, onlardan 900-ü dünyasını dəyişib: “Florida çox böyük bir ştatıdır. Azərbaycandan ərazisinə görə təxminə üç dəfə böyükdür. Təəssüf ki, həmvətənlərimizin də sıx yaşadığı Florida koronavirusun ən çox yayıldığı ştatlar siyahısındadır. Bunun əsas səbəbi Florida qurbernatorunun infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görməyə bir qədər gec başlamasıdır. Florida turizm bölgəsidir, Mayami şəhərinə də xüsusilə qış mövsümündə turist axını olur. Eyni zamanda dünyanın bir çox ölkəsində yaşayan insanların bu ştatda evləri var. Burada həm bütün fəsillərdə isti olduğuna, həm də əlverişli təbiətinə görə turistlər axın edir. ABŞ-da koronavirus yeni yayıldığı zamanlar, təxminən mart ayının ortaları Nyu-York da daxil olmaqla bir çox şəhərlərdən insanlar Floridaya axın etməyə başladı. Bu da, öz növbəsində, virusun sürətlə yayılmasına səbəb oldu”.

E.Bayramova bildirib ki, hazırda Florida ştatında fövqəladə vəziyyət elan olunub və komendat saatı tətbiq edilib: “Əslində, xüsusi karantin rejimi tətbiq edilməsə də, günün müəyyən saatlarından sonra şəhərlərə giriş və çıxış qadağandır. İnsanlar zəruri ehtiyac olmadığı halda bayıra çıxmırlar. Tibbi maska və əlcəksiz marketlər də daxil olmaqla heç bir yerə girişə icazə verilmir. Mağazalarda böyük növbələr olur, insanlar marketlərin qarşısında saatlarla gözləyirlər. İçəriyə yalnız beş-beş buraxılır, həmin şəxslər də alış-verişlərini tamamladıqdan sonra digərlərinə növbə çatır. Bəzən 30-40 dəqiqə insanlar bayırda növbə gözləyirlər. Eyni zamanda çimərliklər və parklar bağlıdır. İnsanlar xüsusilə çimərliklərin bağlanmasına qarşıdır. Ola bilsin ki, növbəti həftəıərdə məsələ öz həllini tapsın. Yəni çimərliklər yenidən açıla bilər. Bildiyiniz kimi, Florida ştatı Atlantik okeanın sahilində yerləşir və xüsusilə bu günlərdə köpək balıqları də daxil olmaqla, iri balıqlar və su canlıları sahilə yaxınlaşıblar. İnsanlar həmin heyvanların videolarını və şəkillərini çəkib paylaşırlar”.

Cəmiyyət rəhbəri koronavirisa yoluxanlar arasında bir azərbaycanlının olduğunu vurğulayıb: “Florida ştatında yaşayan soydaşlarımız və azərbaycanlı tələbələr daha çox Mayami ərazisində Sunny İsles Beach və Hallandale Beachdə məskunlaşıblar. Bildiyiniz kimi, ABŞ-da azərbaycanlılar arasında da koronavirusa yoluxanlar var. Bu xəstəliyi ağır keçirənlər olsa da, çox şükür dünyasını dəyişənləri yoxdur. Florida ştatında da bir həmvətənimiz koronavirusa yoluxub. O, Mayami ərazisində deyil, bizdən şimalda Tampa şəhərində yaşayır. Atilla İbrahim adlı həmvətənimzlə mütəmadi əlaqədəyik. Hazırda onun vəziyyəti yaxşıdır. O, ən azı 8-10 gün nəfəs darlığı, baş və boğaz ağrıları olduğunu dedi. Baxmayaraq ki, çox gənc bir oğlandır, idmanla məşğul olur və sağlam həyat tərzi keçirir. Bu o deməkdir ki, hər kəs yaşından asılı olmayaraq koronavirusun potensial qurbanına çevrilə bilər”.

E.Bayramova Florida ştatındakı icma üzvlərinin bir-biri ilə mütəmadi əlaqə saxladıqlarını və zəruri dəstəyi verdiklərini də söyləyib: “Sosial şəbəkələrdə yaratdığımız qruplar üzərindən mütəmadi olaraq həmvətənlərimizin vəziyyəti ilə maraqlanırıq. ABŞ hökuməti bu günlərdə bir çox yardım kampaniyaları həyata keçirir. Biz həmçinin bura yeni gəlmiş həmvətənlərimizə yardımlardan faydalanmaları üçün yardım göstəririk. Bütün dünyada olduğu kimi, ABŞ-da da bir çox insan işini itirdi. Hazırda ABŞ-da işsizlik maksimum həddə çatıb. Bu səbəbdən də hökumət işsizlik üçün əlavə ödəniş etməyə başladı. Biz həmvətənlərimizə proqramdan qeydiyyatdan keçməkdə yardım göstəririk və azərbaycanlı olaraq həmrəyliyimizi nümayiş etdiririk. Hətta işlərini itirən həmyerlilərimizin işlə təmin olunması üçün hər kəs səfərbər olur. Eyni zamanda ABŞ-ın digər ştatlarında yaşayan həmvətənlərimizlə də əlaqə saxlayırıq. Burdan bütün həmvətənlərimizi səbrli olmağa, dövlətin qoyduğu qayda-qanunlara riayət etməyə çağırıram. Biz həmrəy və birlik içində olsaq, bu çətin günləri daha asan dəf edəcəyik”.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu