Gömrük Akademiyası beynəlxalq onlayn konfransda iştirak edib
Dövlət Gömrük Komitəsinin Akademiyası Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının (RANEPA) Şimal-Qərb İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Universitetlərin koronavirusa cavabı: Yeni təhsil mühitində davamlı inkişaf və akademik əməkdaşlığı necə təmin etmək olar?” mövzusunda keçirilən beynəlxalq onlayn konfransda iştirak edib.
RANEPA Şimal-Qərb İdarəetmə İnstitutu Beynəlxalq münasibətlər şöbəsinin müdiri Nataliya Muyzinikin moderatorluğu ilə keçirilən beynəlxalq konfransa Gömrük Akademiyası ilə yanaşı, Almaniyanın Lüdviq Maksimillian Universiteti, Fransanın Bordo Siyasi Elmlər İnstitutu, Çinin Şanxay Gömrük Kolleci, Taylandın İnkişaf İdarəçiliyi Milli İnstitutu, Belarus Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Özbəkistan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Tacikistan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Çexiyanın Tomas Bata Universiteti daxil olmaqla, 20-dən çox ölkədən 160-dan artıq iştirakçı qoşulub.
Onlayn konfransda öncə iştirakçı tərəfdaş universitetlərin ölkəsindəki ümumi epidemioloji vəziyyətlə bağlı qısa informasiya mübadiləsi olub. Sonra tərəfdaş universitetlərdə distant təhsilin təşkili, o cümlədən məsafədən idarəetmə və distant iş prosesinin təşkili, universitetlərin uzaqdan beynəlxalq əməkdaşlıq imkanları (tələbələr və professor-müəllim heyətinin virtual hərəkətliliyi, qış və yay məktəbləri, tədqiqat qruplarının işləri və s.), eyni zamanda, akademik hərəkətliliyin təşkili planları haqqında fikir mübadiləsi aparılıb.
Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə mütəxəssisi Elvin Məcidov Akademiyada onlayn təhsilə keçid prosesi üzrə aparılmış tədbirləri diqqətə çatdıraraq, beynəlxalq təcrübənin öyrənildiyini, onlayn tədris prosesinin dayanıqlığının təmin olunduğunu, onun monitorinqi və qiymətləndirilməsi və zəruri İKT resursları ilə tam təmin edildiyini bildirib. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ali təhsil müəssisələri arasında ilk olaraq Gömrük Akademiyasında 30 mart 2020-ci il tarixdən etibarən onlayn dərslərin müvafiq tədris cədvəlinə əsasən tam həcmdə, göstərilən vaxt və müddətdə keçirilməsinin təmin olunduğunu vurğulayıb. Həmçinin o, koronavirus kontekstində Akademiyanın beynəlxalq əməkdaşlığı sahəsində çağırışlar və yaranmış yeni imkanlara toxunub, onlayn gömrük təlimləri üçün Akademiyanın rəqəmsal imkanlarının inkişaf etdirilməsinə başlanıldığını qeyd edib.
RANEPA Şimal-Qərb İdarəetmə İnstitutu Beynəlxalq münasibətlər şöbəsinin müdiri Nataliya Muyzinik təmsil etdiyi ali təhsil müəssisəsinin Gömrük Akademiyası ilə genişlənməkdə olan ikitərəfli əməkdaşlığa hazır olduğunu qeyd edib.