DİN-dən Manaf Ağayevlə bağlı açıqlama
"Evindədir də, küçədə deyil axı bu. Qonaqlar da icazə alıb çıxıblar. Burda problem yoxdur”.
AFN Yeniavaz-a istinadən xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov tanınmış müğənni Manaf Ağayevin karantin zamanı evində açdığı iftar süfrəsi ilə bağlı açıqlama verərkən deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl tanınmış müğənni Manaf Ağayev dostlarını iftara dəvət edib və bununla bağlı görüntüləri sosial şəbəkələrdə paylaşıb. Qaydalara zidd olaraq icazə veriləndən çox sayda insanın iştirak etdiyi məclisdə Teymur Əmrah, Vasif Məhərrəmli kimi məşhur simalar da olub.
Qeyd edək ki, Nazirlər Kabineti Yanında Operativ Qərargah vətəndaşlara sosial məsafə saxlamağa, bir yerə toplaşmamağa çağırış etmişdi.