Müstəqim Məmmədov kümçülər və pambıqçılarla görüşüb - FOTOLAR
Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
Bu gün Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonun kəndlərində ipək qurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub. Mövcud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazimi tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, 2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu barama qurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları artıq tarlalarda becərmə işlərinə başlayıblar.
Bu il rayonda 1728,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1200 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC tərəfindən ümumilikdə 2 min 978,2 hektarda pambıq əkilmişdir.
Bu gün rayon rəhbəri Müstəqim Məmmədov rayon ərazisində yerləşən bir çox pambıq tarlalarına baş çəkmiş, becərmə işləri aparan sakinlərlə görüşmüş, onlara öz tövsiyə və tapışırıqlarını vermişdir. Rayon rəhbəri bildirmişdir ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub. Cari ildə əməkçilərimiz daha yüksək zirvələri fəth etmək üçün fəallıq şəraitində çalışırlar. Hazırda tarlalarda becərmə işləri aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. Bu gün sahələrdə görülən becərmə işləri deməyə əsas verirki, 2020-ci ildə də Tərtər pambıqçıları yüksək naliyyətlər əldə edəcəklər.