Tərtərdə icra başçısı növbəti video-konfrans keçirib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə və müəssisə rəhbərlərinin iştirakı iştirakı ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.
AFN xəbər verir ki, müşavirədə dünyada sürətlə yayılan koronavirus pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub. Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırılıb.
Bildirilib ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalıdır. Açıq ərazilərin təmizliyi nəzarətdə saxlanılmalı, yaşayış binalarının girişləri, pilləkən qəfəsələri, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir. Bütün ödəniş terminalları, bankomatlar isə hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməli, sərnişindaşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin dezinfeksiya olunması xüsusi nəzarətdə saxlanılmalıdır.
Rayon icra hakimiyyətinin başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də 65 yaşdan yuxarı olanların yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı göstərişlər verib.
Müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla icra olunur.
Qeyd edilib ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Fermerlər kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün sərbəst hərəkət edə bilərlər. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır. Rayon mərkəzində yaşayan, kəndlərdə təsərrüfatı olan şəxslərə arayışı şəhər icra nümayəndəliyi verir. Rayonlararası hərəkət üçün mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.
Video-konfransda dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin də Tərtər rayonunda uğurla icra olunduğu bildirilib. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. Rayon rəhbəri bu ildə yüksək məhsul əldə etmək üçün barama saxlanılacaq yerlərin əvvəlcədən hazırlanması, lazım olan bütün tədbirlərin vaxtında görülməsi, kümçülərə lazimi köməkliyin göstərilməsi, baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazımi tədbirlərin görülməsi barədə aidiyyəti şəxslərə lazimi tapşırıq və tövsiyələrini verib.
Əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı lazımi tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanan Tərtər pambıqçıları 2020-ci təsərrüfat ilini də uğurla başa vurmağı hədəfləyiblər.
Bu il rayonda 1017 istehsalçı ilə 1675,8 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1160 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2 min 885,8 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Bu günə kimi 2268,6 hektar sahədə səpin aparıblar. Növbəti günlərdə kütləvi səpin işlərinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib. Səpin işlərinin yaxın günlərdə başa çatdırılacağı planlaşdırılır.
Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub.