Tərtər Rayon İcra Hakimiyyətində növbəti videokonfrans keçirilib - FOTOLAR
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib.
Konfransda əvvəlcə icra başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən, rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərdən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma qrafiklərinin tərtib olunmasında iştirakının təmin edilməsindən, kənd təsərrüfatı işlərinin gedişindən danışıb.
Rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, sakinlərin şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri və yas mərasimlərinin təşkilində Operativ Qərargahın qərarından irəli gələn tələblərə riayyət etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalıdır.
Konfransda həmçinin sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə də toxunulub, bu sahələrdə qanunazidd hallara yol verənlərin cəzalandırılacağı bildirilib.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də söhbət açılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən pambığın becərilməsi, ipəkqurdunun saxlanma şəraiti, taxıl biçininə hazırlıq işləri ilə bağlı məlumatlar dinlənilib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminatı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əkin sahələrində dərmanlama işləri aparıldıqdan sonra həmin ərazilərdə məlumat lövhələrinin qoyulması barədə tapşırıqlar verilib. Həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib.