Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib.
Konfransda əvvəlcə icra başçısı rayon ictimaiyyətini Ramazan bayramı münasibətilə təbrik edib, dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən, rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərdən, kənd təsərrüfatı işlərinin gedişindən, kənd təsərrüfatı məhsullarının istehsalçılarının suvarma qrafiklərinin tərtib olunmasında iştirakının təmin edilməsindən və buraxılış imtahanların keçirilməsi nəzərdə tutulan imtahan binalarının dezinfeksiya edilməsi işlərindən danışılıb.
Rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşmaması, şəxsi gigiyenik qaydalara əməl etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməlidir.
Konfransda həmçinin sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə də toxunulub, bu sahələrdə qanunazidd hallara yol verən bir neçə İƏD üzrə nümayəndəyə töhmət və xəbərdarlıq elan edilib.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid səpini, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə bağlı məlumatlar dinlənilib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu sahələrdə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib.