"Toyda iştiraka görə məhdudiyyətin qoyulmasına ehtiyac görmürəm" - MÜTƏXƏSSİS
Türkiyədə koronavirusa yoluxanların sayı artdığı üçün toylarla bağlı qaydalar bir az da sərtləşdirilib. Belə ki, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı olan şəxslərin toyda iştirakı qadağan olunub. Bundan əlavə keçirilən toy, nişan, ad günü və digər mərasimlər axşam saat 11-dən gec olmayaraq yekunlaşdırılmalıdır. Qeyd edək ki, artıq 6 aydan çoxdur ki, Azərbaycanda pandemiyaya görə toyların keçirilməsi qadağan olub. Türkiyədəki qaydalar tədbiq edilməklə Azərbaycanda da toyların keçirilməsi mümkündürmü?
Bununla bağlı konkret.az-ın sualını cavablandıran Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, Azərbaycanda dövlət orqanlarında 65 yaşdan yuxarı şəxslərin işə cəlb edilməməsi tapşırığı verilib: "Amma toyda iştirakla bağlı bizdə hələlik heç bir yaş məhdudiyyəti yoxdur. Ola bilər ki, bu barədə bizdə hər hansı qərar qəbul edilsin.
Türkiyədə bu qərarın verilməsinə səbəb 65 yaşdan yuxarı insanlar bu xəstəliyi ağır keçirməsidir. Amma hələlik bizdə belə bir qərar yoxdur. Amma toyda iştiraka görə məhdudiyyətin qoyulmasına ehtiyac görmürəm. Əgər insanlar qoyulan qaydalara əməl edərlərsə, 65 yaşdan yuxarı insanlar toyda iştirak edə bilər. Çünki birinin oğlunun, qızının və ya nəvəsinin toyudursa, necə iştirak etməsin”.
Baş infeksionist qeyd edib ki, gündəlik yoluxmalarda artım-azalma olması gözləniləndir: "Gündəlik yoluxanların sayı 110-da ola bilər. Bu elə də ciddi yoluxma sayı hesab olunmur. Hazırda vəziyyət nəzarətdədir. Bizim istədiyimiz odur ki, yoluxmaların sayı tam azalsın. Bunun üçün də hamımız çalışmalıyıq. Bizdə hələ ki, birinci dalğa hesab olunur. Çünki birinci dalğanın bitməsi üçün ilk öncə gündəlik yoluxanların sayı tək-tük olmalıdır. Yoluxanların sayı minumuma düşdükdən sonra yenidən şiddətlənərsə, biz ona ikinci dalğa deyə bilərik. Amma hazırda bir çox ölkələr pandemiyanın artıq ikinci dalğasını yaşayır. Biz yoluxanların sayının azalmasını və ikinci dalğanın baş verməməsi üçün hər birimiz qoyulan 3 sadə qaydaya əməl etməliyik. Qapalı məkanlarda maska taxmalı, sosial məsafəni qorumalı və şəxsi gigyenik qaydalara əməl etməliyik”.