Paşinyanın hakimiyyətdə qalması bizə sərf edirmi? - Ekspertlər şərh edir


Ermənistanda siyasi gərginlik günbəgün artmaqda davam edir. Qarabağda atəşkəsə dair bəyannaməni imzalayan Baş nazir Nikol Paşinyanın istefasını tələb edən parlamentin növbədənkənar sessiyasını keçirmək cəhdləri yetərsay səbəbindən alınmasa da, müxalifət onun istefa verməsində çox israrlı görünür.



Düşmən ölkədə baş verən proseslər Azərbaycanda da diqqətlə izlənilir. Müşahidəçilərin fikrincə, Paşinyan hakimiyyətinin devrilməsi Qarabağdakı mövcüd vəziyyətə təsirsiz ötüşməyəcək.

Rusiya Paşinyana tələ qurub

Siyasi analitik Nazim Cəfərsoy
Qaynarinfo-ya açıqlamasında bildirib ki, Paşinyanın indiki situasiyada hakimiyyətdən getməsi Kremlin maraqlarına cavab vermir. Belə ki, Rusiya 10 noyabrda imzalanan bəyannamədəki maddələrin həyata keçməsini və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir:

"Paşinyan hakimiyyətinin də məqsədi bəyanatı tətbiq etmək, ancaq iqtidarda qalmaqdır. Rusiya yaxşı bilir ki, bəyanatı tətbiq edən Paşinyan hakimiyyətdə uzun müddət qala bilməyəcək. Yəni Kremlin məqsədi də bəyanatı Paşinyana tətbiq etdirib, sonra onu qurban verməkdir. Göründüyü kimi, bu mərhələdə Rusiya və Paşinyanın maraqlari faktiki olaraq uzlaşır. Bu baxımdan tez bir müddətdə Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı çox azdır.

Başqa bir tərəfdən isə erməni millətçiləri - xüsusi ilə Daşnaksütyun partiyası 10 noyabr bəyannaməsinin Ermənistan üçün çox ağır şərtlərinin olacağını bilirlər. Əgər Azərbaycanda bəyannamədəki bir neçə məqamdan narazılıq varsa, Ermənistan müxalifəti bütövlükdə narazıdır. Bu baxımdan müxalifətin Paşinyanı istefaya məcbur edəcəyini də istisna etmək olmaz. Bu məsələdə Rusiyada Putindən narazı olan qüvvələrin də marağı ola bilər. Ssenari həyata keçəcəyi halda, hakimiyyətə gələn yeni qüvvələr bəyannamənin şərtlərinə əməl etməyə də bilərlər - bu da yeni müharibə deməkdir.

Bu isə Putinin həm Qafqazda, həm də Rusiya daxilindəki güc mərkəzləri arasındakı nufuzunun sarsılmasına, Rusiya-Türkiyə münasibətlərində böyük böhrana, Rusiya "sülhməramlı”sının müharibənin ortasında qalmasına gətirib çıxara bilər.

Bu variantda Putin ssenarisinə qarşı çıxmanın bədəli Azərbaycan ordusunun əli ilə daha ağır şəkildə ödətdiriləcək”.

"Paşinyan uzun müddət hakimiyyətdə qala bilməyəcək”

Politoloq Xaqani Cəfərli
artıq Paşinyan hakimiyyətinin Ermənistanda mənəvi legitimliyini itirdiyi qənaətindədir: "Paşinyan bu vəziyyətdə uzun müddət hakimiyyətdə qala bilməyəcək”.

Onun fikrincə, Ermənistandakı siyasi proseslərin necə inkişaf etməsindən asılı olmayaraq, Rusiya onu qane edən şərtləri həyata keçirəcək…

"Putin Paşinyanı hələ dəyişmək istəməyəcək”

Politoloq Nəsimi Məmmədli
hesab edir ki, müxaliət Ermənistanda hakimiyyəti seçkisiz dəyişə bilməyəcək: "Paşinyan istefaya getsə də, partiyası parlamentdə çoxluqdur. Yeni seçki də Ermənistan üçün risklidir. İndiki durumu dəyişməyi ona görə Rusiya hələ istəməyəcək. İmzalanan bəyannamənin mətnindən görünür ki, şərtləri 5 il heç bir tərəf poza bilməyəcək. Amma bəyannaməyə əməl olunmasa, yəqin ki, pozulacaq…”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu