Gömrük Akademiyası Ukrayna Gömrük və Maliyyə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Ukrayna Gömrük və Maliyyə Universiteti (UGMU) arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Onlayn formatda keçirilən tədbirdə Gömrük Akademiyasının rəisi Qulu Novruzov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Akademiya haqqında məlumat verib. O, Ukrayna ilə Azərbaycan arasında xüsusilə təhsil sahəsindəki ikitərəfli geniş və qarşılıqlı faydalı əlaqələrdən söz açıb. Qulu Novruzov imzalanan əməkdaşlıq müqaviləsi ilə iki ölkə arasında gömrük təlim-tədrisi üzrə xüsusi tərəfdaşlığın yarandığını vurğulayıb. O, həmçinin bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində ölkə başçısı ilə xalq birliyinin gücü nəticəsində 30 ildən artıq işğalda olan Azərbaycan əraziləri müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunub və Bakıda şanlı qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradı keçirilib. Bu tarixi qələbə nəticəsində Azərbaycan üçün yeni dövrün başlandığını deyən Akademiya rəisi bu dövrdə gömrük kadrlarının potensialının gücləndirilməsi və peşəkar hazırlığının əhəmiyyətindən söz açıb. Qulu Novruzov Azərbaycanın milli zəfərinin bütövlükdə ali təhsil üçün yeni imkanlar və çağırışlar yaratdığını bildirib.
UGMU-nun rektoru Dmitro Boçarov Ukrayna-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. O, ikitərəfli akademik əməkdaşlıqda gömrük təhsili və təlimləri üzrə birgə yeni tərəfdaşlıq istiqamətinin yaradılmasını diqqətə çatdırıb. Rektor qarşılıqlı mübadilələrin həyata keçiriləcəyindən məmnunluq ifadə edib.
Sonra əməkdaşlıq müqaviləsinin imzalanması həyata keçirilib.
Sənədi Akademiya rəisi Qulu Novruzov və UGMU rektoru Dmitro Boçarov imzalayıblar.
Müqavilə çərçivəsində fakültə və heyət mübadilələri, gömrük təlimləri, gömrük və əlaqədar sahələrdə ixtisasartırma və peşəkar inkişaf, birgə təcrübə proqramları, tədqiqatlar, tədbirlər, akademik və digər informasiya resurslarının paylaşılması, birgə kurrikulumların inkişaf etdirilməsi, beynəlxalq və Avropa proqramlarında birgə iştirak, eləcə də beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək nəzərdə tutulur.