Hamiləlik zamanı koronavirusa yoluxma körpəyə necə təsir edir? - AÇIQLAMA
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova hamilə qadınlara və analara COVID-19 riski ilə bağlı tövsiyə verib.
Onun sözlərinə görə, COVID-19 virusu əsasən hava-damcı yolu vasitəsilə yayılır, bu səbəbdən hamiləlik zamanı koronavirusa yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.
S.Məmmədova bildirib ki, hamiləlik infeksiyaya meyilliliyi artırmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır, infeksiyalaşmış anaların əksəriyyəti sağalır:
“Hamilə qadınlarda COVID-19-un klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.
Ana südü ilə virusun yoluxması sübut olunmamışdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğundan hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibbi maskadan istifadəsi tövsiyə olunandır. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan döşlə əmizdirmə alqışlanmalıdır.
ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun COVID-19 ağır gedişatlı hamilələrdə remdezivirindən istifadə olunur.
Remdezivir SARS-CoV-2-nin vitro və digər koronaviruslara təsir edən yeni nukleotid analoqudur. Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunmuş və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat olmamışdır. Lakin randomizə olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna etmişdir.
Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır. Lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19-da istifadə olunan ribavirin və barisitinib kimi vasitələr tertogen effektə malikdir.
Ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədi ilə yenidoğulmuşu sağılmış ana südü ilə digər sağlam şəxsin gigiyena qaydalarına riayət edərək qidalandırması tövsiyə edirilir”.