İşğaldan azad edilmiş torpaqların istifadəsilə bağlı fərman nəyi dəyişəcək?


Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmanla işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi sahəsində bir çox səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilir ki, bunlardan biri də kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsidir. Həmin torpaqların icarəyə verilməsi səmərəliliyin artırılmasına nə dərəcədə imkan verəcək?


Millət vəkili Tahir Rzayev AFN-ə bildirdi ki, Prezident əvvəlki çıxışlarında da dəfələrlə işğaldan azad olunmuş ərazilərin kənd təsərrüfatının inkişafı üçün çox böyük potensiala malik olduğunu xatırladıb: “Həmin sahələr əkilməli, becərilməli və yüksək məhsuldarlıq əldə edilməldir. Hələ işğaldan azad edildiyi ilk günlərdə bu istiqamətdə işlərə başlanıldı və ötən ilin axırlarında 7 min hektardan artıq sahədə əkin aparıldı. Ölkə başçısı sonrakı çıxışlarında xatırlatdı ki, biz bu il 20-25 min hektar sahədə əkin aparmalıyıq. Burada işğaldan azad edilmiş ərazilər nəzərdə tutulur, çünki bu torpaqlar münbit və yüksək məhsuldarlıq əldə olunmasına qadir olan torpaqlardır. Ona görə də ölkə başçısının fərmanı həmin torpaqlardan səmərəli istifadə olunmasına yönəldilib. Bu torpaqların bir çoxu artıq minalardan təmizlənir. Minalar basdırılmış sahələr var ki, onlar müəyyən qaydada əkinə yararlı hala salınır. Fərmanda nəzərdə tutulan məsələlər var ki, onların Kənd Təsərrüfatı Nazirliyinə tapşırılması da təbiidir. Çünki ölkədə aqrar siyasəti həyata keçirən və bu sahə ilə daimi məşğul olan, bununla əlaqədar bir çox layihələrin yerinə yetirilməsini təmin edən KTN-dir”. Millət vəkili deyir ki, işğaldan azad edilən həmin torpaqların bir çoxu əhalinin yaşayışı üçün istifadəyə veriləcək: “Ancaq elə torpaqlar var ki, daimi və müvəqqəti icarəyə verilə bilər. Həmin torpaqlarda sahibkarlar və iş adamları coğrafi mühitə, yerli şəraitə uyğun olaraq kənd təsərrüfatı məhsulları yetişdirə bilərlər. Çünki bu gün Ağdam, Füzuli və digər zonalar tarixən pambıqçılıq, taxılçılıqla tanınan ərazilər olub. Bu gün də həmin ərazilərdə pambıq, taxıl, barama, üzüm, heyvandarlıq və digər məhsulların əldə edilməsi üçün imkanlar var. Şərait yoxdur, ancaq görülən işlər gələcəkdə bu şəraitin yaradılacağına zəmanət verir. Həmin ərazilərin əkin üçün tam yararlı olmasında infrastruktur layihələrin həyata keçirilməsi çox vacibdir. Bu istiqamətdə işlər gedir və ilk növbədə yol, su, işıq, kənd təsərrüfatı istehsalı üçün müəyyən emal müəssisəsləri yaradılacaqsa qaz təminatı vacib əhəmiyyət daşıyır. Bütün bu imkanlar yaradıldıqdan sonra qısa bir müddət ərzində, bir-iki il içərisində həmin torpaqların bir çox sahələri istifadəyə veriləcək”. Fərmanda nəzərdə tutulan torpaqların kateqoriyası ilə bağlı məsələyə gəldikdə isə millət vəkili vurğuladı ki, münbit torpaqlar,yararsız torpaqlar var və kateqoriyalara uyğun olaraq məhsulların yetişdirilməsi nəzərdə tutulur: “Elə kateqoriyalı torpaqlar var ki, orada taxılçılığı deyil, heyvandarlığı inkişaf etdirmək olar. Yəni hansı torpaqda hansı bitkini əksən o qədər səmərəli iş görmək, yaxud gəlir götürmək olar. Təyinatı üzrə torpaqların müəyyən olunması daim diqqətdə olan bir məsələdir. Kateqoriya müəyyən olunur, təyinat verilir ki, hansı məhsul əkilsin. Məsələn, Kəlbəcər rayonunda torpaqlar heyvandarlıq üçün yararlıdır. Heyvandarlıq üçün lazım olan otlaq sahələri, çuğundur, qarğıdalının əkilməsi əlverişli olar. Digər münbit torpaqlar var ki, orada bir çox bitkilərin əkilməsi səmərəli deyil. Məsələn, Zəngilan, Cəbrayıl rayonunda tütünçülüyün inkişafı üçün geniş imkanlar var. Ona görə həmin torpaqlar kateqoriyaya, məhsuldarlığa görə bölünür. Ümumilikdə, kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi torpaqlardan səmərəli istifadə olunmasına imkan verəcək”.

Ekspert Qadir Bayramov bildirdi ki, həmin bölgələrdə kənd təsərrüfatı məqsədilə torpaqların mənimsənilmədən əvvəl təsərrüfat sahələrinin inventarizasiyası həyata keçirilməlidir, torpaqlar yenidən qiymətləndirilməlidir: “İkincisi, həmin bölgələrdə yaşayan insanlardan da istifadə edilməlidir. Belə ki, torpaqların müəyyən hissəsi icarəyə verilsə, bu problem deyil. Ancaq həmin bölgənin xüsusiyyətlərini yaxşı bilən məcburi köçkünlərin geri qaytarılması, kənd təsərrüfatında torpaqların səmərəli istifadəsi üçün daha çox fayda verər. Torpaqlar icarəyə verilsə belə, yerlərdə şəffaf şəkildə həyata keçirilməlidir. Torpaqların bölgüsündə məhsuldar, az məhsuldar olanlarla bağlı icarəyə götürənlər arasında ayrı-seçkilik olmamalıdır. Digər tərəfdən, ciddi dövlət nəzarəti vacibdir. Həmin torpaqların bir hissəsi daha erkən kənd təsərrüfatı üçün istifadə ediləcək. Digər sahələr də minalar təmizləndikdən sonra istifadə ediləcək. Hesab edirəm ki, nəticə xeyli dərəcədə fərmanın yerlərdə hansı şəkildə icra ediləcəyindən asılı olacaq. Əgər orada kənd təsərrüfatında effektiv metodlar tətbiq olunsa, suvarılmağa ehtiyacı olan bütün bölgələrin su mənbələri ilə təmin edilsə daha yüksək nəticələr əldə edilə bilər. Ancaq bütövlükdə həmin bölgələrin kənd təsərrüfatına qazandırılması, səmərəli şəkildə istifadə edilməsi ölkədə həm məhsul artımına öz töhfəsini verə bilər, həm də əhalinin işlə təmin olunmasında rol oynaya bilər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu