“Abi”ni “qardaş” deyə tərcümə edir, tamaşaçının zəhləsini tökürlər – Türk filmlərinin dublyajı etiraz doğurur


Son günlər aktual olan məsələlərdən biri də türk filmlərinin tərcüməsi ilə bağlıdır. Bu gün bir sıra televiziya kanallarında təqdim edilən türk filmləri də əcnəbi filmlər kimi dublyaj olunaraq tamaşaçıya təqdim olunur. Lakin bu, tamaşaçılar tərəfindən heç də birmənalı qarşılanmır, həmin dublyajın çox bayağı alındığını, tamaşaçı zövqünü daha da korladığını deyirlər. AzTV-nin Türkiyə serial olan “Diriliş Ərtoğrul”un tərcüməsi üçün 140 min manata yaxın vəsait ayırması bu istiqamətdə gedən söz-söhbəti bir qədər də alovlandırdı. Bəs mütəxəssislər bu barədə nə düşünür, türk filmlərinin dublyajına ehtiyac varmı?





Teletənqidçi, professor Qulu Məhərrəmli AFN-ə açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı iki məqam var - biri dövlət dilinə olan hörmət, digəri isə eyni dil qrupunda olan türk dilinin Azərbaycan dilinə çevrilməsi, dublyajıdır: “Mən bunun hələ 10 il bundan qabaq ən yaxşı yolunu təklif eləmişəm. Belə ki, o filmlər olduğu kimi təqdim edilir, dublyaj olunmur, amma subtitrlarla da tamaşaçıya çatdırılır. Burada həm dövlət dilinin statusu gözlənilir, həm də türk dilinə sayğı və onun xüsusi önəmi öz gücündə qalır. Belə olduqda məsələn, istər “Diriliş Ərtoğrul” serialı, istər Kamal Sunalın filmləri olsun, o koloriti ala bilirik. İkincisi də bu dillər arasında xüsusi bir yaxınlıq var. Çünki Azərbaycan türkcəsi və Anadolu türkcəsi oğuz dil qrupuna aid olan dilin müxtəlif qollarıdır. Ona görə də bunu nəzərə almaq lazımdır. Əlbəttə ki, Azərbaycan dilinin dövlət dili statusu da burada nəzərə alınır. Türk filmlərinin bu variantda, yəni subtitrla təqdim olunması ən optimal variantdır”.
Professorun sözlərinə görə, son illərdə Azərbaycanda dublyaj işinin səviyyəsi kifayət qədər artıb: “Müəyyən bir dövrdə dublyaj filmləri ilə bağlı problemlər var idi. Vaxtilə kinostudiyada bizim böyük peşəkar rejissorlar Arif Həbibi, Lauza xanım kimi sənətkarlar məşğul olurdular. Lakin sonralar özfəaliyyət səviyyəsində dublyajlar göründü. Amma indi yaxşı ki, onların qarşısı alındı, xüsusi dublyaj studiyası fəaliyyət göstərir, müəyyən standartlar var ki, ona əməl etmək lazımdır. Dublyaj bir sənətdir, bir peşəkar, aktyor işidir və hər aktyor, rejissor dublyajla məşğul ola bilmir. Ona görə də bunu nəzərə almaq lazımdır. Hər filmdə yaxşı dublyajıalınmır. Belə ki, gərək birəbir qarşılığını tapasan, effekti alasan, səs tonu, o xarakteri verə bilən səs olmalıdır. Keçidlər, kadrları müşayiət edən səslər var ki, onlar yerinə qoyulmalıdır. Bəzən bizdə filmlər sadəcə video şəklində qəbul olunur, onun xam materialı alınmır, ona görə də onu səsləndirmək bir qədər problemlər yaradır. Ona görə də dublyajın tələblərini gözləmək lazımdır. Bizdə uzun müddət dublyaj, televiziyaların bir çoxunda “xaltura”, pul yemək vasitəsi olub. Yazıblar ki, məsələn, 10 aktyor iştirak edir, əslində 2 aktyorla işi yola verirblər. Bunlar cinayət işidir, araşdırılsa bunlar hamısı üzə çıxacaq. Xüsusilə AzTv-də əvvəlki sədr, Arif Alışanovun vaxtında bu cür əməliyyatlar aparıblar. İndi görünür ki, o şəkildə aparmaq mümkün deyil. Peşəkar yanaşma, aktyor, rejissor işində, montajda professionalizm mütləq gözlənilməlidir”.
Q.Məhərəmli onu da qeyd etdi ki, konkret olaraq türk filmləri ilə bağlı dublyaja ehtiyac yoxdur, sadəcə subtitrlar filmlərin məğzini verdiyinə, dialoqları əks etdirdiyinə görə, kifayət edir: “Biz burada dövlət dilinin statusunu qoruyuruq. Təsəvvür edin ki, Türkiyə Prezidenti Ərdoğan danışır və biz onu dublyaj edirik. O effekti vermir, səsinin çaları, koloriti, ifadə tərzi başqadır. Əslində subtitrlarla verilməsi özü də dublyajın bir növüdür. Bizim filmlər xaricdə subtitrlarla təqdim olunur, danışıq, səs filmin dolğunluğunu çatdırır. Burada qanuna zidd heç nə yoxdur”.



Millət vəkili Aqil Abbas isə bildirdi ki, türk filmlərinin dublyajı ilə razılaşmır: “İlk növbədə onu deyim ki, tərcümələr çox bərbaddır. Həmin effekti vermir. Məsələn, türk filmlərində müraciət forması var “abi” deyirlər. Bizdə onu “qardaş” deyə tərcümə edirlər. Bizdə bu sözü daha çox Naxçıvan bölgəsində işlədirlər, özündən böyüyə “dadaş” deyirlər. Bu gün artıq türk filmlərində tərcümə zamanı “qardaş”deyə müraciət formasını tətbiq etməklə tamaşaçının zəhləsini tökürlər. İkincisi də dublyajın əksinə, tərcüməni alt yazı ilə vermək olar. Hamının anladığı bir dildir. Tərcüməyə ehtiyac görmürəm. Bizim filmlər, məsələn, 15 şəhərdə “Dolu” filminin təqdimatı olub, altyazı ilə olub, dublyaj olunmayıb. Fikrimcə, türk filmləri də elə türk dilində təqdim olunmalıdır”.



AMEA-nın Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova isə türk filmlərinin dublyajla təqdimatının tərəfdarıdır: “Bizim münasibətimizdən asılı olmayaraq, ölkə başçısının qərarına əsasən bütün televiziyalarda istər türk dili, yaxud hər hansı əcnəbi dildə olan filmlər tərcümə olunmalıdır. Bu televiziyadan asılı deyil, qərar verilib və yerinə yetirilməlidir. Bura Azərbaycan Respublikasıdır və dövlət dili də Azərbaycan dilidir. Ona görə də “Azərbaycan Respublikası Dövlət Dili haqqında” qanunda var ki, istər televiziya, istər Milli Məclis olsun danışıq Azərbaycan dilində aparılmalıdır. Bu mövzu artıq müzakirə olunmur”. Subtitrlara gəldikdə isə şöbə müdiri deyir ki, bu, səsi əvəz eləmir: “Səs başqadır, subtitr başqadır. Müəyyən ölkələrdə filmlərdə səs də var, subtitr da var, bərabər şəkildə təqdim edilir. Əgər bizdə də istəyirlər ki, bərabər getsin o şəkildə ola bilər. Ancaq sadəcə subtitrla ola bilməz, qanun var və bu birmənalı şəkildə yerinə yetirilməlidir”.


Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu