“Sənədsiz evlərin tikildiyi ərazilərə amnistiya verilməlidir” - EKSPERT


Qanunsuz tikilən evlərlə bağlı məsələ yenə gündəmdədir.


Deputat Fazil Mustafa parlamentin sonuncu iclasında bildirib ki, Bakının bütün giriş-çıxışlarına baxanda paytaxt bir gecəqondu şəhərini xatırladır: “Bu məsələdə qurumlararası münasibətlər acınacaqlı vəziyyətdədir. Bələdiyyələrin qərarı keçərli deyilsə, onda hansı sənəd burada əsas götürülə bilər? Yüzlərlə qanunsuz sərəncam Şəhərsalma və Arxitektura Komitəsinə miras qalıb. Rayonlarda elə vəziyyət yaradılmalıdır ki, insanlar dədə-baba yurdlarında yaşasınlar. Bu, ciddi problemdir və həllini tapmalıdır”.



Deputatın toxunduğu məsələ kifayət qədər ciddi və artıq uzun illərdir actual problemdir. Bu problemin həlli üçün bir neçə dəfə qərar verilsə də, hələlik konkret addımlar atılmayıb. Bunun səbəbləri və həlli yolları ilə bağlı AFN-ə danışarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, bu məsələ zaman-zaman gündəmə gəlir, sonra isə sönür: “Sənədsiz evlərin siyahısına baxsaq, Bakı və Abşeronda qeyri-rəsmi rəqəmlərlə 500 mindən çox çıxarışsız fərdi həyət evləri və torpaq sahələri var. Bunların bir hissəsi sovet dövründən qalıb. Məsələn, Yasamal, Sovetski, Papanin, Kubinka deyilən ərazilər var ki, sovet dövründə yaşayış məskənləri, jek evləri olub və onlara çıxarış verilməyib. Ancaq qanunvericiliyə baxsaq, Mənzil Məcəlləsində belə bir bənd var ki, vətəndaş bir mənzildə 30 ildən artıq yaşayırsa və onu sübut edən amillər varsa, oraya məhkəmə yolu ilə mülkiyyət hüququ əldə edə bilir”. Ekspertin fikrincə, burada bir məsələ var ki, əgər bu mənzillər tikilibsə və vətəndaşlar illər ərzində burada yaşıyıbsa, buna hansısa formada icazə verilibsə bu, sənədləşdirilməlidir: “Çünki bir tikinti işi apararkən bir neçə dövlət qurumunun məlumatı olur. Burada dövlətin itkilərinə baxsaq, ən çox alqı-satqı prosesləri çıxarışsız həyət evləri olan ərazilərdə gedir . Xırdalan, Biləcəri, Abşeron , Binəqədi ərazilərində evlər var ki, onların çıxarışları yoxdur, satış qiymətləri çox aşağıdır. Təxminən 20-25 min manatdan başlayan qiymətlərdir. Məsələn, Binəqədi ərazisində 50-60 min manata 3-4 otaqlı ev almaq olur ki, Bakıda ən kənar metronun yanında bir otaqlı bina mənzilinin qiyməti 50-60 min manatdan başlayır. Vətəndaş fikirləşir ki, ailəsi genişdir, bir otaqlı evdə yaşamaqdansa gedib sənədsiz 3-4 otaqlı ev ala bilər. Çıxarış olan zaman alqı-satqılar notarial qaydada gedir və dövlətə hər kvadratına görə vergi ödənilir. Köçürmələr bank vasitəsilə olur və orda bank faizi də var. Amma çıxarış olmadığına görə, dövlət bu sahədən yararlana bilmir. Vətəndaş evi digər şəxsin adına keçirmək üçün müəyyən xərc çəkir. Burada itirən iki tərəfdir, dövlət büdcəsi və vətəndaşlar. Məsələn, vətəndaş ev almaq istəyir, sənədi yoxdur, ehtyat edir. Sənəd olmadıqda həmin mənzillər ipoteka predmetinə çevrilə, banklar vasitəsilə satıla, mülkiyyət kimi tanına, boşanma hadisəsi zamanı, məhkəmə zamanı predmetə çevrilə bilmir. Çünki mülkiyyət kimi tanınmır və bu, bir günün problemi deyil. İstənilən formada həmin ərazilərə amnistiya verilməlidir”.
Ekspert deyir ki, bir tikintiyə çıxarış verilməsi üçün bu tikintinin altındakı torpaq təyinatına uyğun olmalıdır: “Əgər kənd təsərrüfatı ərazisində fərdi yaşayış evləri tikilibsə ilk növbədə yaşayış üçün o torpağın təyinatı dəyişməlidir. Sonra həmin tikiliyə çıxarış verilə bilər. Bundan başqa, həmin əraziləri dövlət yenidən minimal qiymətlə məsələn, sotunu 100-200 manata vətəndaşa satar, təyinatını dəyişər, sonra özəlləşdirər, burada büdcə yüz milyonlarla gəlir əldə edə bilər. Yenidən alqı-satmaq etmək üçün hər bir vətəndaş o pulu büdcəyə ödəməyə hazırdır. Çünki baxır ki, mülkü var, ancaq mülkiyyət hüququ kimi tanınmır. Eyni zamanda ailə başçısı vəfat edəndə həmin ev üzərində mübahisə başlayır. Çıxarış olanda artıq vərəsələr arasında bölünə bilir. Çıxarış olmayanda mübahisəli məsələ kimi ortada qalır”.
Vətəndaşların rayonlardan paytaxta axışmasına gədikdə isə ekspert deyir ki, bu vəziyyət indinin problemi deyil, əvvəldən bu barədə düşünmək lazımdır: “Rayonlardan buraya gələn adamların əksəriyyəti iş üçün gəlib qalanlardır. Bölgələrdə elə şərait qurmaq olar ki, nəinki ordan buraya gəlmək, paytaxtdan oraya gedib yaşaya, işləyə bilərlər. Vətəndaşın ölkənin istənilən bölgəsində yaşamaq hüququ var. Vətəndaş rayondan gəlib burda ev tikib yaşayırsa, bu heç kimə haqq vermir ki, onun evini söksün, məcburi şəkildə rayona göndərsin. Vətəndaş gəlib burada kiçik bir ev tikib yaşayırsa, baxırsan ki, rayonda onun daha böyük evi var. Məcburiyyətdən gəliblər, orada iş olarsa, infrastruktur olarsa öz evini qoyub bura gəlməz. Təbii ki, rayonlardan gələn insanların əksəriyyəti də ağır işlərdə işləyirlər. Bu baxımdan rayonlarda vəziyyətin düzəlməsi həm şəhərin boşalması, tıxacların azalmasıdır, eləcə də şəhər sakinləri üçün də iş tapmaq əlçatan olacaq. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti işləri başlayacaq və böyük işçi qrupu gedib orada çalışacaq. Eləcə də ərazilər bərpa ediləndən sonra orada müəllim, həkim, polis və digər sahələrdə işlər olacaq. O zaman məcburi köçkünlər də öz evlərinə köçə bilər”.
E.Fərzəliyev qeyd etdi ki, mövcud vəziyyətlə bağlı evlər mütləq sənədləşməlidir, əgər həmin əraziləri sökmək niyətində olsalar, bu, büdcəyə milyardlarla ziyan vurmaq deməkdir: “Vətəndaşın evini heç kim sökə bilməz. Çünki ev tikilib, yaşayır və tikilən zaman aidiyyatı üzrə bir neçə orqanın, bələdiyyənin, icra hakimiyyəti, istər jek olsun, həmin tikinti ilə bağlı məlumatı var. Hər hansı çıxarışsız evin qapısını döysəniz vətəndaş sizə hansısa formada sənəd göstərəcək. Bu gün bələdiyyələrin verdiyi sərəncam əsasında tikilmiş minlərlə evlər var, onlar çıxarış ala bilmir. Ya sənəd saxtadır, ya torpağın təyinatı düzgün deyil. Bu vətəndaşın günahı deyil, vətəndaş ödəniş edib dövlət oqranından qanuni, möhürlü sənədli torpaq alıb. Üstündə ev tikib, bu gün onu özəlləşdirə bilmir. Burada günahkar vətəndaş deyil. İndi günahı vətəndaşın üzərinə atırlar. Konkret olaraq icazə vermə, o zaman kim tikə bilər? Bu gün deyirlər icazə verilmir, ancaq qadağan olunmuş ərazilərdə tikinti işləri gedir. Sənədləşmə məsələsini əslində həll etmək asandır, istəsələr həll edə bilərlər. Bu gün bizim iqtisadiyyatın bir hissəsi neftdən, bir hissəsi daşınmaz əmlakdan asılıdr. Tikinti işləri nə qədər çox getsə iqtisadiyyat o qədər çox inkişaf edir. Nə qədər çox evlər tikilsə, burada istifadə edilən tikinti materialları, sonra təmir işləri, ev əşyaları, bunların hamısı yerli bazardan asılıdr. Bu da iqtisadiyyatın güclənməsi deməkdir”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu