Toyların olmaması doğum sayına təsir edir -
Son bir ildə koronavirusun ölkə ərazisində yayılması doğum sayına da təsir edib. Pandemiya dövründə doğulanların sayı azalıb, ölənlərin sayı isə çoxalıb. Bu da öz növbəsində təbii artıma da təsir göstərib.
Baku TV-nin Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, bu ilin yanvarında 10 812 körpə doğulub, 7 972 nəfər dünyasını dəyişib. Nəticədə təbii artım 2840 nəfər olub. Belə ki, 2020-ci ilin yanvarı ilə müqayisədə təbii artımda kəskin geriləmə qeydə alınıb. Bunun əsas səbəbi ölənlərin sayının artmasıdır.
Mütəxəssislər doğulan uşaqların sayının azalmasının səbəbini pandemiya dövründə toyların olmaması ilə əlaqələndirirlər.
Qeyd edək ki, ötən ilin yanvarında doğulanların sayı 11 279 nəfər, ölənlərin sayı 5177 nəfər, təbii artım 6102 nəfər olub. Müqayisədə bu il ölənlərin sayı 54,1 faiz (2795 nəfər) artıb, doğulanların sayı 5,2 faiz (467 nəfər), təbii artım isə 2,15 dəfə azalıb.