Vüqar Bayramov Prezidentin 4 sərəncamını şərh etdi
"Nəticə etibari ilə bu, dövlət müəssisələrinin idarəetməsi ilə bağlı islahatların bir elementi kimi xarakterizə olunur”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin 4 qurumda Müşahidə Şurasının yaradılması ilə bağlı sərəncamını şərh edərkən deyib. Deputat hesab edir ki, Müşahidə Şurasının yaradılmasında əsas məqsəd dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın daha da artırılması, eyni zamanda həmin qurumlarda korporativ idarəetmənin tətbiqinin həyata keçirilməsi ilə bağlıdır:
"Bu gün daha 4 dövlət müəssisəsində Müşahidə Şurasının yaradılması ilə bağlı ölkə prezidenti tərəfindən sərəncamlar imzalandı. Müşahidə Şuraları dövlət, özəl tərəfdaşlığın gücləndirilməsinə töhvə verəcək. Nəzərə alaq ki, bütövlükdə dövlət müəssisələri əsasən dövlət büdcəsindən maliyyələşirlər. Əslində məqsəd də ondan ibarətdir ki, bir tərəfdən büdcədən ayrılan vəsaitdən məbləğini optimallaşdırmaq mümkün olsun, eyni zamanda vəsaitin daha səmərəli və şəffaf xərclənməsi ilə bağlı islahatların genişləndirilməsi də məhz bununla bağlıdır. Eyni zamanda dövlət müəssisələrinin bütövlükdə iqtisadi islahatların bir elementi kimi iqtisadi inkişafda rolunun daha da artırılmasına nail olmaqdır”.
Vüqar Bayramov bildirib ki, Müşahidə Şuralarının yaradılması həmin qurumların fəaliyyətinə müsbət təsir göstərəcək:
"Bu, həmin qurumların fəaliyyətində səmərəliliyin yüksəlməsinə səbəb olacaq. Bu baxımdan müsbət qiymətləndirilir”.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilib.
Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə də sərəncam imzalayıb.
Prezident İlham Əliyev "Bakı Metropoliteni” QSC-nin yaradılması haqqında 27 fevral 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.
Azərbaycan Prezidenti İlham Əliyev "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. (Qaynarinfo)