DİN-dən İctimai Şuraya seçkilərlə bağlı AÇIQLAMA


Daxili İşlər Nazirliyi Yanında İctimai Şuraya seçkilər narazılıq yaradıb.


AFN xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu seçkilərlə bağlı danışarkən qeyd edib ki, ötən gün baş tutan seçkilər deyildiyi kimi heç də şəffaf olmayıb: "Məsələn, bizə deyilmişdi ki, yalnız bir nümayəndəniz səsvermədə iştirak edə bilər. Amma seçki zamanı 200 nəfər birdən ortaya çıxdı. Onların kimin adından, niyə gəldikləri heç bilinmədi. Onlar necə qeydiyyatdan keçdilər? Biz bunların heç birini bilmirik. Gələn 200 nəfər bizim fəaliyyətimizlə tanış deyildi. Onlar hardan gəlib səs verdilər? Kim idilər anlamadıq. Bəzi dostlarımız deyir ki, seçkilər çox şəffaf keçdi. Necə şəffaf keçdi?! Elə bil marafon idi, birdən-birə 200 nəfər gəldi. Biz bu gün öz namizədliyimizi geri götürəcəyik. Mən bu məsələni belə saxıamayacağam. Görək ictimai nəzarət komitələri nə işlə məşğuldurlar?"

DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının üzvü, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AFN-ə açıqlamasında bildirdi ki, sözügedən seçkilər qanunvericiliyə uyğun olaraq təşkil edilib: "İyunun 3-də 40 nəfərin 15 yer uğrunda keçirilən səsvermədə namizədlərdən 2 nəfər lazım olan səsi toplayıb. Səsvermədə vətəndaş cəmiyyəti institutlarının 222 nümayəndəsi iştirak edib. İctimai Şuranın üzvü olmaq üçün 13 yer uğrunda mübarizə 38 vətəndaş cəmiyyəti institutu arasında davam edir. Seçkinin 2-ci turu 7 iyun tarixində saat 10:00-dan 14:00-a kimi keçiriləcək. Seçki iştirakçıların gözü qarşısında keçirilib, heç bir kənar müdaxilə edilməyib. Əlavə şərhim yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu