Balakəndə çay daşdı, 25 ailə təxliyyə olunmalıdır - RƏSMİ
Məlumat verildiyi kimi, bu gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
FHN-dən verilən məlumata görə, yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub.
Belə ki, helikopterin cəlb olunması ilə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) təxliyyə edilməsi zərurəti yaranıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır.
Bundan əlavə, Zaqatala və Balakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb. Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir.