Beynəlxalq şirkət Şərqi Zəngəzurda layihə həyata keçirəcək - İlham Əliyev açıqladı


“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.


Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

“Biz Bakı Beynəlxalq Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.

Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür.

Bununla yanaşı, biz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırırıq.

Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır.

Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb.

Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək.

Bu 240 meqavat gücündə günəş elektrik stansiyası Azərbaycanın azad olunmuş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacaqdır”, - dövlət başçısı qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu