Amerika Gəmiçilik Bürosu ASCO-nun Təlim Tədris Mərkəzinin auditini başa çatdırıb
Nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində apardığı növbəti audit yekunlaşıb.
Bu barədə AFN-ə ASCO-dan məlumat verilib.
Məlumata görə, 2 gün davam edən auditi Büronun Bakı ofisinin nümayəndəsi Ryan Salamati aparıb.
Audit nəticəsində TTM-də təşkil olunan təlimlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu təsdiqlənib. Nəticədə Təsnifat Cəmiyyəti TTM-ə sertifikat təqdim edib.
Bundan başqa, TTM-də daha iki yeni təlimin (“Gəminin yanalma və lövbər əməliyyatları”, “Gəmi və sahil matrosları üçün gəminin körpüyə və digər gəmiyə bağlanması və açılması əməliyyatları”) keçirilməsini də ABS sertifikatlaşdırıb.
ASCO-nun Təlim Tədris Mərkəzində Dənizçilərin Sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.