ASCO beynəlxalq standartı üzrə sertifikata layiq görülüb


2014-cü ildən korporativ idarəetmə sistemini uğurla tətbiq edən və davamlı təkmilləşdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.


Bununla bağlı sertifikat ASCO-ya 260 illik tarixə malik, 120-dən çox ölkədə fəaliyyət göstərən, dünyanın 30-dan çox akkreditasiya qurumunun tanıdığı Böyük Britaniyanın LRQA (Lloyd's Register) beynəlxalq təsnifat cəmiyyətinin audit xidmətinin 2022-ci ilin 28-29 oktyabr və 14-18 noyabr tarixlərində apardığı ilkin və təkrar yoxlamaların nəticəsində verilib. Yoxlamanın nəticələrinə əsasən, ASCO-da tətbiq olunan korrupsiyaya qarşı idarəetmə sistemi ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə tam uyğun hesab olunub.

ASCO-da ötən ildən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tətbiqinə qərar verilib. Bu məqsədlə 2021-ci ilin 29 yanvarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Qaydaları” təsdiq edilib. Bununla, ASCO daxilində ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartına uyğun olaraq korrupsiyaya qarşı mübarizə üzrə menecment sisteminin yaradılması, tətbiqi, fəaliyyət göstərməsi ilə bağlı zəruri prosedurlar və nəzarət tədbirləri, habelə onların işlək vəziyyətdə saxlanması qaydaları müəyyənləşdirilib.

Qeyd edək ki, ASCO yarandığı dövrdən Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə üzrə qəbul edilmiş qərarlara uyğun fəaliyyətini təşkil edir. İndiyədək bu istiqamətdə bir neçə müvafiq daxili sənədlər hazırlanıb və təsdiqlənib. 2014-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə Korrupsiya ilə Mübarizəyə dair Təlimat” təsdiq olunub. Hüquq pozuntuları haqqında məlumatları vaxtında əldə etməklə qarşısının alınmasını təmin etmək məqsədilə “Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb. Həmçinin, 2015-ci ildə ASCO daxilində və qarşı tərəflərlə münasibətlərdə davranış normalarını, habelə biznes fəaliyyətinin təşkilində etika prinsiplərini müəyyənləşdirən, ASCO-nun fəaliyyətində şəffaflığın təminini əks etdirən “Biznes Etikası Məcəlləsi” təsdiqlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu