"Filan rayon özünü dolandırır” fikri baş aldatmaqdır - iqtisadçılar
İqtisadçılar 2022-ci ilin dövlət büdcəsindən 52 rayon və şəhərə vəsait ayrılmaması məsələsinə münasibət bildirib.
AFN-in xəbərinə görə, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda vergi və rüsum mərkəzləşdirilmiş yığılır: “Təkcə bələdiyyələrin kiçik həcmli rüsum və vergi toplamaq ixtiyarı var. Belə olan təqdirdə, "filan rayon özünü maliyyələşdirir", nə deməkdir?! Hardan alır vəsaiti?! Bəyəm, təhsilə, səhiyyəyə, təhlükəsizliyə, infrastruktura və s. sahələrə rayon pul qazanıb-ayırır?!
Azərbaycan hökumətinin ən çox sevdiyi məsələlərdən biri rəqəmlərlə oynamaqdır. Prezident son çıxışlarında, "rayonlar özləri dolandırmalıdır", deyib, hökumət də həmin "rəqəmlərlə rəqs etməyə" girişib. Sadəcə kağız üzərində bəzi hesablama qaydalarını dəyişiblər.
Rayonların özünü dolandırması üçün bələdiyyə institutu güclənməli, icra hakimiyyəti ləğv edilməli, bələdiyyələrin müstəqil büdcəsinin formalaşdırılması qaydaları müəyyən edilməli, istənilən bələdiyyə ərazisindən toplanan vergilərin bir hissəsi onlarda qalmalıdır. Məsələn, ƏDV 18%-dir, hər hansı bir bələdiyyə ərazisindən toplanan ƏDV-nin 3%-i həmin bələdiyyənin büdcəsinə gedir, mənfəət vergisinin 3%-i yenə bələdiyyənin büdcəsinə daxil olur, bələdiyyələr kommunal və nəqliyyat xidmətləri göstərib pul qazanır və s. Belə bir sistem qurulmadan, "filan rayon özünü dolandırır" fikri mifdir, baş aldatmaqdır, söz və rəqəm oyunudur”.
İqtisadçı ekspert Rövşən Ağayev də məsələ ilə bağlı bunları deyib: "Gələn ildən 52 rayona dövlət büdcəsindən vəsait ayrılmayacaq, onlar tam özlərini maliyyələşdirəcəklər" başlığı ilə xəbər yayan iqtisadiyyat jurnalistlərindən bir məsələni öyrənmək istəyirəm:
Rayonlara orta təhsilə, səhiyyənin saxlanmasına, aqrar sektorun inkişafına, mədəniyyət-idman tədbirlərinə, yol-nəqliyyat infrastrukturunun saxlanmasına, sosial müdafiənin maliyyələşdirilməsinə dövlət büdcəsindən vəsait ayrılır yoxsa ayrılmır? Əgər ayrılırsa, "rayonların tam özünümaliyyələşdirməsi" deyəndə bu xərclər nəzərə alınmaqla şərtiləmi bölgələrin maliyyə müstəqilliyi səviyyəsi müəyyən edilir?
Nə olar, rəsmi məlumatları necə alırsınız, elə də paylaşmayın. Mövzunu araşdırın, kökünə gedin - cəmi 10-15 dəqiqəniz gedəcək. Axı maliyyə müstəqilliyi yalnız icra başçılarının öz aparatını və JEK-ləri saxlaması ilə müəyyən edilmir. İndiki halda bizim hökumət "özünümaliyyələşdirmə"ni yalnız bu xərclərin çərçivəsilə məhdudlaşdırır.
Dünyanın hansı ölkəsini idarə edənlərin təcrübəsində, maliyyə avtonomiyası ilə bağlı hansı nəzəri ədəbiyyatlarda belə yanaşma var?"





