Mikayıl Cabbarovun arzuları və reallıq - ŞƏRH


İqtisadiyyat Naziri Mikayıl Cabbarov bu gün Parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, ölkənin yeni straeteji inkişaf proqramı qəbul ediləcək. Nazir qeyd edib ki, proqramla Azərbaycanın 2030-cu ilə qədər inkişaf istiqamətləri və hədəfləri müəyyən ediləcək. Əsas hədəflərdən biri də ölkənin neftdən asılılığının sıfıra endirilməsidir.


AFN xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli M.Cabbarovun açıqlamasına şərh verib. "Gözəl arzulardır, amma reallıq tamam başqadır" - deyən ekspert xatırladıb ki, 2012-ci ildə “Azərbaycan-2020” konsepsiyası qəbul edilib: "Bu sənəddə də gözəl arzular, istəklər, cümlələr, hədəflər var idi, amma tutmadı. Hökumət də çıxıb izah etmədi ki, nədən bu konsepsiya suya düşdü, niyə yerinə yetirilmədi, səhvlər harada idi, nəyi-necə düzəltmək lazımdır – yəni, heç bir analiz görmədik. İndi isə növbəti dəfə kağız üzərində arzuların ifadəsini görürük, hələ də problemlərin kökü haqqında heç bir analiz yoxdur.
Gəlin rəqəmlərin dili ilə danışaq:
1) “Azərbaycan-2020” konsepsiyasında əsas hədəflərdən biri o idi ki, 2020-ci ildə məmləkətdə adambaşına düşən ÜDM 13000 dollar olacaq, reallıqda isə 2020-ci ildə adambaşına düşən ÜDM 4271 dollar oldu – yəni, hədəfdən 3 dəfə az göstərici ilə proqramı yekunlaşdırdılar. Buna görə kimsə cavab verdimi?!
2) “Azərbaycan-2020” konsepsiyasında hədəf qoymuşdular ki, proqram tamamlananda, 2020-ci ildə məmləkətdə qeyri-neft sektorunun ixracı adambaşına 1000 dollar olacaq, reallıqda isə 2020-ci ildə adambaşına 189 dollarlıq qeyri-neft ixracı baş verdi – yəni, hədəfdən 5 dəfə az real rəqəmlərlə rastlaşdır. Bəs bu məsələyə görə kimsə cavabdehlik daşıdımı, səbəblər analiz edildimi?!
Siyahını uzatmaq da olar, amma məncə, məğzi aydındır – ölkədə iqtisadi, sosial problemlərin həlli Mikayıl müəllimin, digər nazir və məmurların gözəl sağlıqlar, arzular söyləməkləri ilə olmayacaq. Həll yolu iqtisadiyyatda da deyil, əsas səbəblər idarəetmə sisteminin dəyişdirilməsində, məhkəmə hakimiyyəti və hüquq-mühafizə sahəsinin islahatlarındadır. Bunu deməkdən yorulduq, amma söyləməyə davam edəcəyik – ölkədə rifaha gedən yol Konstitusiyanın dəyişdirilməsindən, yeni idarəetmə sisteminin qurulmasından keçir! Vəssalam!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu