Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı
Kobuletidə Bolnisi rayonunun Curtavi (Kolayır) kənd sakini Yaşa İsmayılovu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.
"Qafqazinfo" 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, saxlanılan cinayətkar əvvəllər də məhkum olunmuş 1999-cu il təvəllüdlü şəxsdir.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Kobuleti şəhərində mübahisə zəminində tanışı 1990-cı il təvəllüdlü Yaşa İsmayılovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.
Məlumata əsasən, yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.
Faktla bağlı qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb.
Qətli törədən şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.