Ehtiyatda və istefada olan hərbi qulluqçularla ƏƏSMN arasında QALMAQAL


Ehtiyatda və istefada olan hərbi qulluqçular ölkə Prezidenti İlham Əliyevə pensiya islahatları ilə bağlı müraciət ediblər.


AFN xəbər verir ki, müraciətdə deyilir:

Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Uzun illər ərzində gəncliyini və sağlamlığını Azərbaycan dövlətinə və xalqına canla-başla xidmətə həsr etmiş, hazırda ehtiyatda və istefada olan on minlərlə hərbi qulluqçunın hüquqlarının kobud şəkildə pozulmasına və onların dövlətdən incik salınmasına, cəmiyyətdə süni gərginlik yaradılmasına, hərbi peşənin prestijinin aşağı düşməsinə yönəlmiş ƏƏSMN-nin irəli sürdüyü təhlükəli qanun dəyişikliyi barədə Sizi məlumatlandırırıq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, artıq bir müddətdir ki, ƏƏSMN pensiya qanunvericiliyinin təkmilləşdirilməsi adı altında on minlərlə hərbi pensiyaçının hüquqlarının kobud şəkildə pozulmasına yönəlik zərərli, qanunsuz və təhlükəli dəyişiklik təklif edir.
Belə ki, sizin də bildiyiniz kimi, hərbi xidmət dövlət xidmətinin xüsusi növü olmaqla spesifik bir fəaliyyətdir. Ömrünü hərbçi peşəsinə həsr edərək uzun müddət ərzində dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmiş ölkəmizin vətənpərvər övladları hərbi xidmətin çətinlik və məhrumiyyətlərinə sinə gərərək layiqli pensiya alacaqlarına ümid edirdilər və dövlət də buna zəmanət vermişdi.
Məhz hərbi xidmətin spesifikasını nəzərə alaraq həm sovet dövründə, həm də müstəqillik dövründə hərbi qulluqçuların pensiya təminatı ayrıca və xüsusi qanunla tənzmlənirdi.
Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların pensiya təminatı haqqında qanun” islahat adı altında 2006-cı ildə ləğv edilərək onun bəzi müddəaları “Əmək pensiyaları haqqında” qanuna əlavə edilmişdir.
Əvvəlki qanunda hərbi qulluqçquların pensiyalarının iki halda artırılması nəzərdə tutulmuşdu və bu da qanunda aydın şəkildə yazılmışdı;
- Təminat xəcliyi artdıqda (maddə 57);
- Dolanacaq xərcləri indeksinin dəyişilməsi ilə əlaqədar (maddə 58).
ƏƏSMN islahat adı altında yeni qəbul edilmiş “Əmək pensiyaları haqqında” qanunda həmin iki əsası heç kimin başa düşməyəcəyi tərzdə əvvəlcə bir maddədə birləşdirdi, (2006-cı il) indi isə təklif edir ki, indeksasiya aparılanda qanunla nəzərdə tutulmuş digər artım (təminat xəcliyi artdıqda) artıq qanundan yığışdırılaraq ləğv olunsun.
Belə ki, hazırda hərbi qulluqçuların pensiya təminatı “Əmək pensiyaları haqqında” qanuna əsasən tənzimlənir və biz də qanuna tabe olan vətəndaşlar kimi bu qanuna əsasən hərəkət edirik.
Həmin qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Bu məsələ aydındır ki, ölkə valyutası inflaysiya uğrayırsa bütün pensiyalıar da indeksləşdirilməlidiir.Bizim buna heç bir iradımız yoxdur.
Həmin qanunun 29.2 –ci maddəsinə səasən, həmin şəxslərin (yəni hərbi qullquçualrın) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.
İndi məsələ ondan ibarətdir ki, ƏƏSMN bu iki məsələni qarışdıraraq hərbi pensiyaların indeksasiyasını təklif edərək eyni zamanda təminat xərcliyi artdıqda pensiyamızım yenidən hesablanmamasını və bu imtiyazın qanundan yığışdırılmasını təklif edir.
Yəni, adını pensiya qanunvericiliyinin təkmilləşdirilməsi qoyurlar, əslində isə təklif edirlər ki, hərbi pensiyalar bütün əmək pensiyaları kimi indeksasiya olunsun, lakin hərbi qulluqçuların qanunda nəzərdə tutulmuş imtiyazı - təminat xərcliyi sonradan artırıldıqda, pensiyası yenidən hesablanmasın. Hərbi pensiyaçıları bu imtiyazdan məhrum etmək istəyirlər. Bu olduqca təhlükəli tendensiyadır və biz qəti şəkildə bunun əleyhinəyik.
Birincisi, pensiyaların indeksasiyası artım deyil. Hər il ölkə valyutası inflyasiyaya uğradıqda, dolanışıq xərclərində - istehlak səbətində dəyişiklik baş veir, alıcılıq qabiliyyəti azalır və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizdə də indeksasiya – itirlmiş itkinin bərpası aparılmalıdır, bu da qanunda nəzərdə tutulmuşdur və düzgündür;
Ikincicisi, hərbi qulluqçuların əvvəllər tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı, təminat xərcliyi sonradan artırıldıqda pensiyalarının yenidən hesablanması hüququ vardır və bu da qanunla təsbit olunmuşdur;
Üçüncüsü və ən əsası, gördüyünüz kimi, indeksasiya ilə təminat xərcliyi artıqda hərbi qulluqçuların pensiyasının yenidən hesablanması ayrı-ayrı məsələlərdir, biri o birini özündə ehtiva etmir, bir-birinə mane olmur və qanunun bir tələbini tətbiq etməklə digər tələbini, hərbi qulluqçuların imtiyazını ləğv etmək islahat deyil, əksinə on minlərlə hərbi pensiyaçını dövlətdən incik salmağa yönəlmiş, düşünülməmiş, təhlükəli və zərərli bir addımdır ki, buna heç bir halda yol vermək olmaz.
Cənab Prezident!
Yuxarıda sadalananları nəzərə alaraq Sizdən xahiş edirik ki, ƏƏSMN ciddi şəkildə tapşırılsın ki, həm hərbi xidmətdə olan, həm də ehtiyata və ya istefaya buraxılmış on minlərlə hərbi qulluqçunu dövlətdən incik salmağa yönəlmiş, cəmiyyətdə süni gərginlik yaradılmasına, hərbi peşənin prestijinin aşağı düşməsinə yönəlmiş təhlükəli və düşünülməmiş dəyişiklikdən imtina olunsun, gələcəkdə bu cür hallara heç bir halda yol verilməsin.
İnanırırq ki, Sizin müdaxilənizdən sonra məsələ müsbət şəkildə həll olunacaqdır.
Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan məsələ ilə bağlı münasibət bildirib. Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də onların pensiya təminatının yaxşılaşdırılması bu gün ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir.
“Ötən dövrdə də bu istiqamətdə mühüm addımlar atılıb, hərbi qulluqçuların pensiyalarında dəfələrlə artımlar edilib. Pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətinin, göstərmiş olduqları xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır.
Bununla belə, hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır.
Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu.
Hazırda da hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır.
Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaq.
Lakin hərbi qulluqçuların təminat xərcliyi artığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunvericiliklə onların pensiyalarında artımı şərtləndirmir.
İstərdik ki, bu tip həssas mövzularda məlumatlar paylaşanlar əvvəlcə bunu aidiyyəti qurumla dəqiqləşdirsin, əks halda belə qeyri-səhih məlumatlar insanlarda çaşqınlığa, yanlış ictimai rəyin formalaşmasına səbəb ola bilər”, - Nazirlik rəsmisi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu