İş adamları “YapıKredi” Bank Azərbaycandan narazıdırlar: “Türk adı arxasına sığınan Amerika bankı...”

“YeniÇağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər “YapıKredi” Bank Azərbaycandan narazıdır.
AFN xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, bu bankdan sonra bazara girən banklar hamısı inkişaf etsə də, “YapıKredi” hələ yerində sayır. A.Ələsgər məhz keyfiyyətsiz xidmət səbəbindən bankla olan 8 illik əməkdaşlığını dayandırdığını deyib: “2021-ci ildə şirkət hesablarımı başqa banka köçürdüm. Bir “Worldcard” qalıb, onun da borcunu ödəyib, aparıb qapının önünə atacam… Yəni, bu köhnəlmiş, kiflənmiş siyasətin, müştəri məmnuniyyətinə əhəmiyyət verməyən kadr sisteminlə sən silinməyə məhkumsan, ey türk adı arxasına sığınan Amerika bankı!”
A.Ələsgərin yazdığına dəstək nümayiş etdirən digər sosial şəbəkə istifadəçiləri də bankdan narazılıqlarını bildiriblər. Tanınmış iş adamı Nazim Bəydəmirli bildirib ki, eynilə bu mövzuda narazılığını 5 il əvvəl bildirib: “Sözümü dedim və bu kartla taksitlə ödəmə səbəbindən yaranmış borcu vaxtı çatmamış sıfırladım. Belə faiz, cərimə faizi və kartdan istifadə haqqı heç yerdə yoxdur. Özlərinə də mesaj yazdım ki, başqa bank mənə pulsuz kart verir ki, müştərisi olum, siz kartın bir ilinə 50 manat almısınız”.
İş adamı Rəvan Bəşirov isə bildirib ki, “WorldCard”ı 4 il əvvəl bağlayıb: “O gün xəbər gəlib ki, 5400 borcunuz var. Deyirəm, 100 manat sizə borclu olanda adamı az qala öldürəsiz, necə oldu ki, 4 dözdünüz? Səbəb nədir?”
A.Ələsgərin qaldırdığı məsələdə daha çox sayda sosial şəbəkə istifadəçisinin dəstək nümayiş etdirərək “YapıKredi” Bank Azərbaycanın fəaliyyətindən narazı qaldığını gördüyümüz üçün məsələ ilə bağlı adı çəkilən qurumdan rəy almaq istədik. Lakin bankın saytında göstərilən e-mail ünvanına göndərdiyimiz sorğu cavabsız qaldı.