Ərdoğan Ukrayna-Rusiya münasibətləri haqda: “Türkiyə NATO üzvü kimi tələblərini yerinə yetirəcək”
“Bölgədə müharibənin olacağına müsbət baxmağımız mümkün deyil”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya münasibətləri barədə açıqlamasında deyib.
“Biz regionumuzda sülh və sabitlik istəyirik. Düşünürəm ki, hər iki ölkə Türkiyənin səmimiyyətindən və xoş niyyətindən xəbərdardır. Bölgənin iki ölkəsi arasında gedən müharibə nə tərəflərə, nə də regiona heç bir fayda gətirə bilməz”, - deyə o qeyd edib.
Ərdoğan daha çox müharibə, daha çox ağrı istəmədiklərini bildirib.
“Ölkəmiz əvvəldən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Biz Rusiyanın Ukraynanın ərazi bütövlüyü, xüsusilə Krımın ilhaqı istiqamətində atdığı addımlara qarşı açıq mövqe tutmuşuq.
Cənab Putini ölkəmizə dəvət etmişik. İstəsələr, iki lideri ölkəmizdə bir araya gətirib sülh mühitinin yenidən qurulmasına yol aça bilərik.
İstəyimiz mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmaqdır. Biz həm Rusiyanı, həm də Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Türkiyə NATO üzvü kimi tələblərini yerinə yetirəcək”, - deyə Ərdoğan vurğulayıb.
Mənbə: NTV