“Şagirdlərin valideynləri münaqişəli olub” - İntihara cəhd edən qızla bağlı açıqlama


Ucar rayonunda məktəbli qızın sinif yoldaşı tərəfindən təzyiqə məruz qalması nəticəsində intihara cəhd etməsi ilə bağlı rəsmi açıqlama verilib.


AFN.az-ın xəbərinə görə, Rayon Təhsil Şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, rayonun Qaradağlı kənd sakini Əzizov Nicat Fərhad oğlu orta məktəbin 8-ci sinfində təhsil alan qızının sinif yoldaşı Günay (şərti) tərəfindən təzyiq və təhqirlərə məruz qalması, bunun nəticəsində intihara cəhd barədə Ucar Rayon Təhsil Şöbəsinə şifahi, Təhsil nazirinə isə ərizə ilə müraciət edib: “Hər iki müraciət tərəfimizdən araşdırılıb.

Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları Qaradağlı kənd tam orta məktəbində olub, baş verənləri yerində araşdırıb. Məlum olub ki, qızlar eyni sinifdə 1-ci sinifdən bu günə qədər birlikdə təhsil alıb. Son bir neçə aya qədər aralarında heç bir mübahisə və münaqişə olmayıb. Şagirdlərin ailələrində valideynlər arasında olan münaqişə məktəbdə şagirdlərin də arasında münasibətlərin pozulmasına gətirib çıxarıb. Bunu müşahidə edən sinfin rəhbəri Gülnar Hüseynova və məktəbin direktoru Səkinə Səfərəliyeva (məktəbdə psixoloq vəzifəsi vakantdır) dəfələrlə hər iki şagirdin ailə üzvü ilə görüşüb, mövcud vəziyyəti onlara izah edib.

Ailələr arasında olan münaqişənin məktəbə qədər gəlib çıxması səbəbindən Qaradağlı kənd tam orta məktəbində növbədənkənar Məktəb Pedaqoji Şurası və həmin sinifdə valideyn iclası keçirilib. Rayon Təhsil Şöbəsi tərəfindən hər iki ailəyə övladlarının təhsil aldığı məktəbin dəyişdirilməsi təklifi olunub. Qaradağlı kənd tam orta məktəbində 8-ci sinif üzrə bir sinif var. Hər iki ailə buna etiraz edib. Hazırda məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən həmin sinfə nəzarət gücləndirilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu